Ramil Hüseynov: “Trampın yenidən prezident seçilməsindən sonra ABŞ-ın siyasəti ciddi şəkildə müsbətə doğru dəyişdi”
Onlar (ABŞ rəhbərliyi) sülhlə bağlı narahatlıqlarımızı tam şəkildə anlayırdılar. Onlar Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini aydın şəkildə dərk edirdilər və Ermənistanı da bu sülhün vacibliyinə inandırmaq istiqamətində olduqca səmərəli fəaliyyət göstərdilər.
Bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.
“Nəticədə, Ağ Evdə Ermənistanın Baş naziri, Prezident Tramp və mənim iştirakımla keçirilən tarixi görüş zamanı birgə Bəyannamə imzalandı. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar”, - dövlət başçısı vurğulayıb.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, həqiqətən də Tramp administrasiyasının bu yöndə fəaliyyəti səmərəli olub: “Məhz bunun nəticəsi idi ki, ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandı. Zəngəzur dəhlizinin ABŞ idarəçiliyinə verilməsi ilə bağlı prinsipial razılıq əldə edildi. Tramp adminstrasiyası Ermənistan tərəfinə izah etdi ki, Azərbaycanın Naxçıvanla maneəsiz və beynəlxalq hüquqa əsaslanan quru əlaqəsi təmin edilməlidir. Dünyanın bir ölkələrində buna bənzər dəhlizlər var. Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsi bitəndə təşəbbüs Rusiya tərəfində idi. Moskvanın iştirakı ilə tərəflər arasında bir sıra görüşlər keçirildi. Ancaq Rusiya Zəngəzur dəhlizinin açılması, bunun Azərbaycan üçün önəmindən çıxış edərək ciddi addımlar atmadı. Hər zaman olduğu kimi, Moskva tərəflər arasında mövcud olan ziddiyyətlərdən öz mənafeyi üçün istifadə etməyə çalışdı. Ancaq Rusiyanın “parçala hökm sür” siyasəti bu dəfə uzun sürmədi. Azərbaycanın vasitəçilər olmadan danışıqlara üstünlük verməsi, 2022-ci ildə Ukrayna ilə başlayan müharibə Rusiyanın Cənubi Qafqazda mövqelərini əhəmiyyətli dərəcədə zəiflətdi. Trampın yenidən prezident seçilməsindən sonra isə, Birləşmiş Ştatların siyasəti ciddi şəkildə müsbətə doğru dəyişdi. Məsələ ondadır ki, Bayden administrasiyasının Azərbaycana münasibəti tamamilə qərəzli və birtərəfli idi. Çünki o, bilavasitə erməni lobbisinin maraqlarından çıxış edirdi. Əminəm ki, 2024-cü ildə keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi qalib gəlsəydi, vəziyyət müsbətə doğru dəyişməzdi. Erməni tərəfi bundan sui-istifadə edərək, danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyərdi. Trampın seçilməsi erməni tərəfinin məkrli planlarını pozdu”.
Vidadi ORDAHALLI