Amerika bankları Vaşinqtonun Hörmüz boğazından keçən gəmilərə 20% tarif tətbiq etmə ehtimalının ABŞ-la İran arasındakı münaqişənin genişmiqyaslı və daha şiddətli bir mərhələyə keçməsinə səbəb ola biləcəyindən narahatdırlar. Bu barədə CNBC tərəfindən əldə edilən “Citibank” araşdırma qeydlərində bildirilir.
"Biz inanırıq ki, bu bəyanat həyata keçirilərsə, hərbi eskalasiya riski əhəmiyyətli dərəcədə artacaq", - telekanal hesabatdan bir hissəni sitat gətirib.
Bankın analitikləri həmçinin etiraf edirlər ki, Vaşinqtonun tariflər tətbiq etmək qərarı İranın 3 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılan ABŞ ara seçkilərindən əvvəl ABŞ-la anlaşma memorandumundan çıxma riskini artırır. Belə bir ssenaridə isə neft qiymətləri daha da artacaq və bu uzun müddət də belə qalacaq.
Qeyd edək ki, bazar ertəsi Tramp ABŞ-ın Hörmüz boğazında gəmiçilik fəaliyyətinə nəzarət etmək istədiyini və gəmilərin təhlükəsizliyini təmin etmək üçün daşıdıqları yükün dəyərinin 20%-ni kompensasiya olaraq alacağını açıqlayıb. Dünya neft ticarətinin təxminən 25%-i və mayeləşdirilmiş təbii qazın təxminən 20%-i Hörmüz boğazından daşınır.
ABŞ liderinin açıqlamaları və Yaxın Şərqdəki hadisələr fonunda neftin qiyməti həftələr ərzində ən yüksək səviyyəyə yüksəlib. Çərşənbə axşamı gecəsi Londonun ICE birjasında Brent markalı xam neftin 2026-cı ilin sentyabr ayı üçün fyuçerslərinin qiyməti 15 iyun 2026-cı ildən bəri ilk dəfə 85 dolları keçib.
Tahir TAĞIYEV