IV Şuşa Qlobal Media Forumu çərçivəsində növbəti panel müzakirə "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzusunda olub. Panelin moderatoru "AnewZ” televiziya kanalının aparıcısı Dilek Tuna olub.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Zhang Ling medianin qlobal gündəliyin formalaşdırılmasında həmmüəllif rolunu oynadığını deyib: "Bu baxımdan, hesab edirəm ki, beynəlxalq təşkilatlar və beynəlxalq media eyni məqsədə – tərəflər arasında körpülər yaratmağa və dialoqu gücləndirməyə xidmət edir".
Onun sözlərinə görə, xalqlar arasında da humanitar əlaqələrin və qarşılıqlı münasibətlərin inkişafında media mühüm rol oynayır. Çoxtərəfli mexanizmlərə daha çox diqqət göstərilməsi və onların fəaliyyətinin peşəkar şəkildə işıqlandırılması beynəlxalq dialoq mədəniyyətinin formalaşmasına, ictimaiyyətin qarşıda duran qlobal çağırışlar barədə məlumatlandırılmasına və çoxtərəfli əməkdaşlıq formatlarına inamın güclənməsinə kömək edəcək", - deyə o diqqətə çatdırıb.
İordaniya Haşimilər Krallığının Kommunikasiya Nazirliyinin baş katibi Zaid Əl-Nəvaisə bildirib ki, texnologiyaların sürətli inkişafı fonunda qarşıdakı vəziyyəti tam proqnozlaşdırmaq çətindir. Bu gün süni intellekt texnologiyaları sürətlə inkişaf edir. Hər üç-altı aydan bir yeni versiyalar ortaya çıxır və həmin sistemlər həqiqi olub-olmadığını müəyyənləşdirməyin çox çətin olduğu məzmunlar yarada bilir.
"Rəqəmsal informasiya mühitində baş verən böyük dəyişikliklərlə biz ictimai məkanda yayılan fasiləsiz informasiya axını ilə qarşılaşmışıq. Bu böyük dəyişiklik yalnız informasiyanın əldə olunması ilə bağlı deyil. Həmçinin əsas çağırış artıq həmin məlumatın yoxlanılması, doğruluğunun təsdiqlənməsi və ona düzgün qiymət verilməsi imkanları ilə bağlıdır", - deyə Zaid Əl-Nəvaisə əlavə edib.