ABŞ Dövlət Departamenti Azadlıq Radiosunun TRIPP marşrutunu AİB qaydaları ilə istifadəsi barədə sorğusuna cavab olaraq bildirib ki, bütün sərhəd təhlükəsizliyi və gömrük nəzarəti funksiyaları Ermənistanın nəzarəti altında qalacaq.
Azadlıq Radiosu Dövlət Departamentindən TRIPP çərçivəsində gömrük tranzit prosedurlarının AİB qaydaları ilə tənzimlənib-tənzimlənmədiyini xüsusi olaraq soruşub. Eyni zamanda, Ermənistanla ABŞ arasında bu məsələ ilə bağlı qarşılıqlı anlaşma və ya razılaşmanın olub-olmadığı barədə sual verilib.
Dövlət Departamenti isə qısa şəkildə "TRIPP Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyur” deməklə kifayətlənib. "Azadlıq" radiosunun ABŞ-ın mövcud tənzimləyici çərçivədə hər hansı bir dəyişiklik planlaşdırıb-planlaşdırmadığı və ya TRIPP üçün ayrıca tranzit qaydalarının tətbiqi ilə bağlı başqa bir sualına isə Dövlət Departamenti cavab verməyib. Vaşinqtonun bunu Ermənistan və Azərbaycan hakimiyyətləri ilə müzakirə edib-etmədiyi soruşulduqda, Dövlət Departamentinin sözçüsü sadəcə Vaşinqtonun Azərbaycan hökuməti ilə strateji tərəfdaşlıq sənədində göstərilən prioritet sahələr, o cümlədən regional əlaqə, iqtisadi investisiya, enerji, təhlükəsizlik əməkdaşlığı və süni intellekt üzərində işləməyə davam etdiyini bildirib.
Vaşinqton həmçinin ABŞ-ın bugünə qədər TRIPP layihəsinə ayırdığı maliyyələşdirmənin məbləğini açıqlamaqdan imtina edib. Mətbuat orqanının məlumatına görə, sözçü "hazırda əlavə məlumat verə bilməyəcəyini" bildirib.
Əslində Dövlət Departamentinin cavabı nəinki mücərrəd, hətta absurd görünür - necə ola bilər ki, regionda təşəbbüsü ələ alıb Rusiyanı sıxışdırmaqla oyundankənar vəziyyətə salmaqda maksimim maraqlı olan Vaşinqton TRİPP kimi nəhəng layihədə idarəçiliyi Avrasiya İqtisadi Birliyinə güzəştə getsin? Burada hansısa örtülü mətləbin ola biləcəyi çox realdır. Zaman göstərəcək…
SAMİRƏ