Ukrayna Prezidenti Vladimir Zelenski ölkə parlamentini yeni bir mükafat - Avropa Ordenini təsis etməyə və Ukrayna Milli Qəhrəmanlar Panteonu yaratmağa çağırıb.
Zelenski panteonun mahiyyətini təsvir edərək bildirib ki, "heç kim bizə necə yaşamağı, necə danışmağı, kimi sevməyi, kimə minnətdar olmağı və hansı qəhrəmanları şərəfləndirməyi deyə bilməz".
Bu sözlər Ukrayna və Polşa arasında Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölməsinə "UPA Qəhrəmanları"nın (UPA Üsyançı Ordusu) adını vermək qərarı ilə bağlı davam edən diplomatik münaqişənin ardından səslənib.
Kiyevin bu addımı Ukraynanın Rusiya işğalından özünü müdafiə etməkdə əsas müttəfiqlərindən biri olan Varşavada kəskin tənqid olunub. Polşada UPA əsasən İkinci Dünya Müharibəsi zamanı polyakların kütləvi qətli olan Volın qırğını ilə əlaqələndirilir. Varşava bu hadisələri rəsmi olaraq soyqırım kimi tanıyıb.
Zelenskinin hərəkətlərinə cavab olaraq, Polşa Prezidenti Karol Navrotski onu Polşanın ən yüksək mükafatı olan Ağ Qartal Ordenindən məhrum etdi. Zelenski ordeni lağa qoymağa çalışaraq, onun Böyük Yekaterina, Benito Mussolini və ya Gerhard Şröderdən heç vaxt geri alınmadığını və Ukraynanın "bunu mübahisələndirməyəcəyini" bildirdi. Varşava isə buna mükafat onu alanların ölümündən sonra ləğv edilmədiyini, Şröderin isə Polşa xalqını təhqir etmədiyini söyləməklə cavab verdi.
Qeyd edək ki, Zelenskinin ardınca onun bir sıra tərəfdaşları da Polşanın təqdim etdiyi mükafatları geri qaytarıblar. Əvəzində Polşadakı siyasətçilər də Ukraynanın dövlət mükafatlarını Kiyevə qaytardılar ki, onlar arasında Hüquq və Ədalət (PiS) partiyasının lideri Yaroslav Kaçinski də var.
Ukrayna Avropa Ordeni "bütün Avropanın təhlükəsizliyini və gələcəyini müdafiə edən" və Ukraynanın Aİ-yə daxil olmasını təşviq edən ukraynalılara veriləcək. Zelenskinin sözlərinə görə, oxşar nailiyyətlərə görə əcnəbilər də bu ordenlə təltif olunacaqlar.
Avropa Birliyinin özündə "Avropa Ordeni" adlı bir mükafat yoxdur. Aİ qurumları səviyyəsində yeganə mükafat 2025-ci ildə təsis edilmiş Avropa Ləyaqət Ordenidir. Lakin Zelenski əvvəllər bu ordenin ən yüksək dərəcəsinə layiq görülmüşdü - o, ilk üç mükafat sahibindən biri idi.
SAMİRƏ