Tehran və Vaşinqton arasında hərbi əməliyyatların dayandırılması barədə ilkin razılıq əldə olunsa da, 1150-yə yaxın gəmi hələ də Fars körfəzini tərk edə bilmir. Almaniyanın ən böyük sığorta şirkəti olan "Allianz" həmin gəmilərin və onlardakı yüklərin ümumi dəyərini təxminən 125 milyard dollar həcmində qiymətləndirir.
"Allianz"ın eksperti Yustus Haynrix bu müharibədə gəmiçiliyin girov götürüldüyünü vurğulayıb. Onun sözlərinə görə, Hörmüz boğazında vəziyyət tamamilə normallaşsa belə, gəmilərin regionu tərk etməsi və yüklərin təyinat məntəqələrinə çatdırılması həftələrlə vaxt aparacaq. İran və ABŞ arasındakı razılaşmaya rəğmən, gəmiçilik şirkətləri Fars körfəzi regionunda risk səviyyəsini hələ də yüksək qiymətləndirir. Livanda döyüşlərin yenidən alovlanması fonunda İranın Hörmüz boğazını müvəqqəti olaraq bağladığını elan etməsi biznes dairələrinin narahatlığını daha da artırıb. Haynrix bildirib ki, beynəlxalq dənizçilik təşkilatları ilə alman gəmi sahibləri, hələ ki, ekipaj, eləcə də gəmilər üçün riskləri dəqiq proqnozlaşdıra bilmir. Bu səbəbdən, vəziyyət köklü şəkildə dəyişməyənə qədər gəmilər lövbər dayanacaqlarını tərk etməyəcəklər. Ekspert İranın qlobal iqtisadiyyata təsir etmək üçün güclü rıçaqa sahib olduğunu xatırladıb: dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının 20-25 faizi məhz Hörmüz boğazından keçir.
Bu arada İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi yalnız Tehranın müəyyənləşdirdiyi marşrutla mümkündür. Açıqlamaya görə, İranla razılaşdırılmayan istənilən alternativ marşrut qəbuledilməz sayılır və ciddi təhlükəsizlik riski yaradır. SEPAH həmçinin vurğulayıb ki, rəsmi Tehranla əlaqələndirilmədən bu strateji su yolundan keçməyə cəhd edən gəmilərə qarşı qəti tədbirlər görüləcək. İyunun 24-də Oman gəmilərin Hörmüz boğazından tranziti üçün müvəqqəti marşrut müəyyən edib. Bəzi məlumatlara görə, bir sıra gəmilərin bu yeni marşruta yönləndirilməsində ABŞ-nin "pərdəarxası" dəstəyi var.
Tahir TAĞIYEV