Züriyə Ruslanqızı: “…Bu, sülh prosesini zəiflədə bilər”
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, İran və ABŞ arasında İslamabad Anlaşma Memorandumu təzyiqin nəticəsi deyil, "İran xalqının gücünü və dözümlülüyünü əks etdirir". Bu barədə “Mehr” agentliyi yazıb.
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT) 20-ci Konfransında çıxış edən Qalibaf istənilən danışıqların yalnız qarşı tərəf öz şərtlərini tətbiq etmək cəhdlərindən imtina etdikdə və digər ölkənin hüquqlarını tanıdıqda nəticə verdiyini vurğulayıb.
"İslamabad Memorandumu təzyiq və ya məcburiyyətin nəticəsi deyil, cəsur İran xalqının müqavimətinin və gücünün məhsulu idi. Bu razılaşma göstərdi ki, dialoq digər tərəfin sivil bir millətə öz iradəsini qəbul etdirməkdən imtina etməsi və hüquqlarımızı tanıması ilə nəticələnir. Buna görə də, memorandum ABŞ üçün məğlubiyyət bəyannaməsinə çevrildi", - deyə İran parlamentinin spikeri bildirib.
Qalibaf münaqişə zamanı qadın və uşaqlar da daxil olmaqla 3000-dən çox iranlının öldürüldüyünü, 30000-dən çox insanın isə yaralandığını bildirib. O, zərbələrin sənaye, tibb, təhsil, enerji və nəqliyyat infrastrukturuna, eləcə də yaşayış binalarına təsir etdiyini bildirib.
O, əlavə edib ki, İran silahlı qüvvələrinin dözümlülüyü və əhalinin müqaviməti ABŞ və İsrailə xeyli xərclər gətirib və onların məqsədlərinə mane olub.
Qalibaf həmçinin bildirib ki, İran regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda və ortaq təhlükəsizlikdə görür və İslam ölkələri ilə iqtisadi, elmi və siyasi sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Belə qarşılıqlı bəyanatlar sülh prosesinə necə təsir edir?
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki, belə bəyanatlar ilk baxışda tərəflər arasında ritorikanı sərtləşdirsə də, danışıqlar prosesində daxili siyasi auditoriyaya hesablanmış mesajlar kimi də qiymətləndirilə bilər: “İran rəhbərliyi İslamabad Memorandumunu “ABŞ-ın məğlubiyyəti” kimi təqdim etməklə həm ölkə daxilində siyasi legitimliyini gücləndirməyə, həm də danışıqların təzyiq altında deyil, bərabərhüquqlu əsasda aparıldığı görüntüsünü yaratmağa çalışır. Bu isə Vaşinqtonun eyni sənədi fərqli prizmadan təqdim etməsi ilə informasiya mübarizəsini daha da gücləndirir və tərəflər arasında etimadın formalaşmasını çətinləşdirə bilər”.
Z.Ruslanqızı qeyd etdi ki, bununla yanaşı, beynəlxalq diplomatiyada sərt bəyanatlar həmişə danışıqların dayanacağı anlamına gəlmir: “Tərəflər çox vaxt ictimaiyyət qarşısında qətiyyət nümayiş etdirərkən, qapalı diplomatik kanallarda kompromis axtarışını davam etdirirlər. Əsas məsələ ritorikanın praktiki addımlara çevrilib-çevrilməməsidir. Əgər qarşılıqlı ittihamlar yeni şərtlərin irəli sürülməsi və ya öhdəliklərin icrasının ləngiməsi ilə müşayiət olunarsa, bu, sülh prosesini zəiflədə bilər. Əksinə, sərt açıqlamalar yalnız daxili auditoriyaya hesablanmış siyasi mesaj olaraq qalarsa, danışıqların texniki mərhələsinə ciddi təsir göstərməyə də bilər”.
İradə SARIYEVA