Ukrayna dronlarının neft emalı zavodlarına hücumları fonunda Rusiyada kəskin yanacaq qıtlığı yaranıb. Tədarükdəki fasilələr və ajiotaj səbəbindən Omsk, İrkutsk, Voronej, Saratov, Vladimir vilayətlərində və ilhaq edilmiş Krımda yanacaq satışına limitlər tətbiq olunur.
Omskda bir maşına maksimum 40 litr benzin verilir, Voronejdə "Lukoil" şəbəkəsində bu rəqəm cəmi 30 litrdir. Krımda isə Kerç boğazındakı logistika qovşağına endirilən zərbədən sonra benzin satışı tamamilə dayandırılıb. Federal Antiinhisar Xidməti "möhtəkirliyin qarşısını almaq məqsədilə" onlayn platformalarda da yanacaq satışını qadağan edib. "Reuters" agentliyinin məlumatına görə, Rusiyada gündəlik benzin istehsalı ötən ilin iyunu ilə müqayisədə 25 faiz azalıb. Yay mövsümündə daxili tələbatın minimum həddi sutkada 110 min ton olduğu halda, istehsal 90 min tona düşüb. Qubernatorlar regionlarda yanacaq bölgüsünün "əl ilə idarə" rejiminə keçdiyini deyir. İlhaq olunmuş Sevastopolun rəhbəri Mixail Razovayev iyunun 22-si və 23-də şəhərdə mülki şəxslərə benzin satışının tamamilə dayandırıldığını elan edib. Qərara əsasən, yanacaqdoldurma məntəqələrində yalnız xidməti və ictimai nəqliyyat vasitələrinə yanacaq veriləcək. Bərələrin hərəkəti də dayandırılır – dənizdə yalnız sərnişin katerləri işləyəcək. Razovayev detalları açıqlamasa da, bu sərt addımları "yarımadada baş verən son hadisələr" və logistikanın operativ tənzimlənməsi zərurəti ilə izah edib.
Ukrayna dronlarının son həftələrdə Krımı və bura aparan əsas nəqliyyat marşrutlarını intensiv şəkildə hədəf alması regionda ciddi yanacaq qıtlığına səbəb olub. Vəziyyətin kəskinləşməsinə səbəb olan sonuncu böyük zərbə iyunun 21-nə keçən gecə qeydə alınıb. Ukrayna ordusu Kerç neft bazasına, "Kavkaz" limanına və Kerç bərə keçidinə genişmiqyaslı hücum təşkil edib. Rusiya rəsmi mənbələri bu hücumlar nəticəsində dörd nəfərin həlak olduğunu, 20-dən çox insanın isə yaralandığını bildirib.
Tahir TAĞIYEV