Züriyə Ruslanqızı: “İranın özünü qalib tərəf kimi təqdim etməsi...”
Müctəba Xamenei İranın ABŞ/İsrail İran müharibədə qələbə çaldığını rəsmən bəyan edib. Bu bəyanat Amerikanın, İsrailin davranışlarına, Yaxın Şərqdəki vəziyyətə necə təsir edəcək?
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki, Xameneinin İranın müharibədə qələbə qazandığını bəyan etməsi ilk növbədə daxili auditoriyaya hesablanmış siyasi mesajdır. “Bu bəyanatın məqsədi müharibənin yaratdığı iqtisadi və sosial təzyiqlər fonunda cəmiyyətin əhval-ruhiyyəsini möhkəmləndirmək, hakimiyyətin legitimliyini gücləndirmək və İranın geri çəkilmədiyi görüntüsünü yaratmaqdır. Eyni zamanda Tehran ABŞ və İsrailin hərbi təzyiqlərinə baxmayaraq strateji iradəsini qoruduğunu nümayiş etdirməyə çalışır. Bununla belə, Vaşinqton və Təl-Əvivdə bu açıqlamanın qələbə etirafından çox siyasi ritorika kimi qiymətləndirilməsi ehtimalı yüksəkdir.
Regional müstəvidə isə bu cür bəyanatlar gərginliyin tam azalmasına deyil, daha çox tərəflərin öz mövqelərini sərtləşdirməsinə səbəb ola bilər. İsrail İranın hərbi və nüvə potensialının hələ də təhlükə yaratdığını vurğulamaqda davam edəcək, ABŞ isə danışıqlar masasında əlavə təzyiq rıçaqlarını qorumağa çalışacaq. Digər tərəfdən, İranın özünü qalib tərəf kimi təqdim etməsi Hizbullah və digər müttəfiq qüvvələrə də mənəvi-siyasi dəstək mesajı verir”.
Z.Ruslanqızının fikrincə, bu səbəbdən yaxın dövrdə Yaxın Şərqdə tam sabitlikdən deyil, atəşkəs və diplomatik təmaslarla müşayiət olunan kövrək bir qarşıdurma mərhələsindən danışmaq daha real görünür.
İradə SARIYEVA