İran Xarici İşlər naziri Abbas Ərəqçi ilə Rusiya prezidenti Vladimir Putin dünən Sankt-Peterburqda görüşüb və Moskvanın Tehranla strateji münasibətlərə sadiqliyi müzakirə olunub.
Putin görüşdə İran xalqının müstəqillik və suverenlik uğrunda cəsarətlə mübarizə apardığını vurğulayıb və əlavə edib ki, sülhün mümkün qədər tez əldə edilməsi üçün İranın maraqlarına xidmət edən hər şeyi edəcəklər.
Rusiya Müdafiə naziri Andrei Belousov da İranın müdafiə nazirinin müavini ilə ayrıca görüşüb və Rusiyanın münaqişənin diplomatik yollarla həll olunmasını dəstəklədiyini, vəziyyəti həll etmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bəyan edib.
Görüş ABŞ-İran danışıqlarının yenidən çıxılmaza girdiyi bir vaxta düşüb. Trump öz nümayəndə heyətinin Pakistana səfərini ləğv etmişdi və Ərəqçi diplomatik dəstək axtararaq Oman, Pakistan və Rusiyaya ardıcıl səfərlər etdi.
Putinin bu addımı hər şeydən əvvəl siyasi mesajdır. Rusiya özü Ukrayna müharibəsinin ağır yükünü daşıdığından İrana maddi dəstəyin imkanları məhduddur. Lakin bu görüş ABŞ-a açıq şəkildə bildirir ki, İran beynəlxalq arenada tək deyil və hər hansı bir razılaşma Moskvanın maraqlarını da nəzərə almalıdır.
Putin Moskvada Əraqçlya deyib ki, İrana bütün mümkün vasitələrlə dəstək veriləcək. Hətta medianın məlumatına gorə Putin Trampa mesaj göndərib ki, yetər artıq...
Putin "İrana bütün mümkün vasitələrlə dəstək veriləcək" dedikdə nəyi nəzərdə tutub?
Putin bu açıqlaması ilə bir neçə fərqli mesaj vermək istəyib.
Birincisi, bu diplomatik bir siqnaldır. ABŞ və İsrail İrana qarşı hərbi əməliyyat apararkən Putin açıq şəkildə İranın yanında dayandığını nümayiş etdirir. Bu, Qərbə ünvanlanan bir mesajdır: Rusiya olmadan Orta Şərqdə heç bir həll mümkün deyil, biz bu prosesdən kənarda qala bilmərik.
İkincisi, bu addımın Rusiyanın öz maraqları ilə birbaşa əlaqəsi var. İran-ABŞ müharibəsi Hörmüz boğazını bağlayıb, neft qiymətlərini kəskin artırıb. Neft ixracatçısı olan Rusiya bu qiymət artımından birbaşa faydalanır. Yəni İranın müqaviməti Rusiyaya iqtisadi cəhətdən sərfəlidir.
Üçüncüsü, "hər vasitə ilə dəstək" ifadəsi qəsdən geniş tutulub. Putin konkret nəyin nəzərdə tutulduğunu açıqlamamışdır. Bu, həm diplomatik vasitəçilik, həm silah tədarükü, həm də beynəlxalq platformalarda İranı müdafiə etmək kimi fərqli yolları əhatə edə bilər. Bu qeyri-müəyyənliyin özü bir siyasi alətdir: ABŞ-ı ehtiyatlı olmağa məcbur edir, çünki Rusiyanın hansı addımı atacağı bəlli deyil.
Dördüncüsü, daxili auditoriya üçün də bir mesaj var. Putin Rusiyasının hələ də qlobal güc olduğunu, böyük böhranlarda söz sahibi olduğunu öz vətəndaşlarına və müttəfiqlərinə göstərmək istəyir. Ukrayna müharibəsinin yaratdığı zəiflənmə obrazını bu cür diplomatik aktivliklə balanslaşdırmağa çalışır.
Lakin sözlə əməl arasında böyük fərq var. Rusiya hazırda Ukraynada ciddi resurs sıxıntısı yaşayır. İrana real hərbi dəstək vermək imkanları məhduddur. Ona görə də Putinin açıqlaması əsasən simvolik xarakter daşıyır, praktiki dəstəkdən çox siyasi siqnal kimi qiymətləndirilməlidir.
Akif NƏSİRLİ