Bəhruz Quliyev: “Mertsin dilə gətirdiyi bu çağırışların reallaşması qısa müddətdə mümkün görünmür”
Ukrayna gələcəkdə Rusiya ilə mümkün sülh sazişi çərçivəsində bəzi ərazilərinə nəzarəti itirməklə barışmalı ola bilər. Bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.
Onun sözlərinə görə, belə güzəştlər Ukraynanın Avropa İttifaqına üzvlük perspektivləri ilə əlaqələndirilir. Kansler ümid edir ki, Ukrayna Rusiya ilə əvvəlcə atəşkəs sazişi, daha sonra isə sülh müqaviləsi imzalayacaq: “Bu zaman belə ola bilər ki, Ukrayna ərazisinin bir hissəsi artıq ona məxsus olmayacaq”.
Almaniya Kansleri onu da əlavə edib ki, əgər Volodimir Zelenski bu məsələni xalqına çatdırmaq və onların dəstəyini qazanmaq istəyirsə, referendum keçirməlidir.
Birinci dəfədir ki, Avropa İtifaqının aparıcı dövləti rəsmi və publik olaraq Ukraynanı ərazi güzəştinə getməyə çağırır. Üstəlik, Ukraynanın Aİ-yə üzvlüyü müqabilində. Bütün bunların həyata keçməsi nə dərəcədə realdır? Ukrayna xalqı buna gedərmi, təklifi dəstəkləyərmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev buna bir neçə prizmadan yanaşdı: “Ukrayna ətrafında formalaşan yeni diplomatik ritorika onu göstərir ki, Qərb artıq yorulub və yalnız, hərbi qələbə ssenarisi üzərində dayanmaq niyyətində deyil. Volodimir Zelenski hakimiyyətinin qarşısında getdikcə daha çətin seçim formalaşır. Bu o deməkdir ki, ya uzunmüddətli və dağıdıcı müharibəni davam etdirmək, ya da müəyyən siyasi və ərazi güzəştləri hesabına sabitliyə nail olmaq. Almaniya kanslerinin səsləndirdiyi fikir əslində Qərb daxilində pərdəarxası müzakirələrin açıq müstəviyə keçməsi kimi dəyərləndirilə bilər. Bu, o deməkdir ki, Avropa İttifaqı Ukraynanın gələcəyini yalnız ərazi bütövlüyü prizmasından deyil, həm də təhlükəsizlik arxitekturası və inteqrasiya perspektivləri kontekstində nəzərdən keçirməyə başlayıb. Lakin burada ən kritik məsələ Ukrayna cəmiyyətinin mövqeyidir. Müharibə dövründə formalaşan milli müqavimət ruhu və itkilərin yaratdığı psixoloji baryer fonunda ərazi güzəşti ideyası cəmiyyət tərəfindən birmənalı qarşılanmaya bilər. Hesab edirəm ki, referendum məsələsi nəzəri baxımdan demokratik çıxış yolu kimi görünsə də, praktiki baxımdan dərin ictimai parçalanma riski yaradır. Reallıq ondan ibarətdir ki, Ukrayna üçün hər hansı sülh sazişi yalnız beynəlxalq təminatlar, təhlükəsizlik zəmanətləri və uzunmüddətli iqtisadi dəstək paketi ilə müşayiət olunarsa qəbul edilə bilinər. Əks halda, bu cür güzəştlər sadəcə müvəqqəti fasilə kimi qiymətləndiriləcək və gələcəkdə yeni münaqişə risklərini artıracaq. Düşünürəm ki, səslənən bu çağırışların reallaşması qısa müddətdə mümkün görünmür. Ukrayna cəmiyyətinin buna hazır olması üçün həm daxili ictimai rəyin transformasiyası, həm də Qərbin təqdim edəcəyi real və inandırıcı alternativlərin mövcudluğu vacibdir. Hazırkı mərhələdə isə bu, daha çox ehtimal olunan ssenarilərdən biri kimi müzakirə olunur, lakin hələlik siyasi qərar səviyyəsinə tam keçməyib”.
Vidadi ORDAHALLI