Bazar günü günü, 14 iyun 2026
     

Böyük alim və ziyalılıq nümunəsi

Image


XX əsr Azərbaycan tarixinin ən parlaq yaradıcı simaları sırasında xüsusi yer tutan, görkəmli elm və səhiyyə xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyeva öz zəngin elmi irsi, milli-mənəvi dəyərlərə sədaqəti, yenilikçiliyi və yüksək humanist keyfiyyətləri ilə xalqımızın yaddaşında əbədi iz qoymuşdur. Onun adı ictimai fikir tariximizdə daim dərin ehtiramla xatırlanan, zamanın sınağından çıxmış nadir şəxsiyyətlər sırasında qızıl hərflərlə həkk olunub.

Zəngin ziyalı ənənələrinə malik bir ailənin davamçısı kimi yetişən Zərifə xanım dünya tibb elminə mühüm töhfələr vermiş böyük oftalmoloq olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi də örnək bir həyat yolu keçmiş, Ulu Öndərin ən yaxın silahdaşı olmuş, Azərbaycanı Vətəni tarixinin ən qüdrətli mərhələsinə çatdırmış, Böyük Zəfərimizin müəllifi olmuş cənab İlham Əliyevi yetirmiş, onun şəxsiyyət kimi formalaşmasında Ana kimi mühüm rol oynamışdır.

Onun həyatının hər mərhələsi yüksək mənəviyyatın, müdrikliyin, insanpərvərliyin təcəssümüdür. Fitri istedadı, geniş dünyagörüşü və güclü intellekti ilə seçilən bu görkəmli alim bütün ömrünü insanların, insanlığın rifah və xoşbəxtliyinə həsr etmişdir.

Nuru qoruyan

Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində, Azərbaycan tarixində nəcib izlər qoymuş görkəmli dövlət xadimi, əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya gələrək boya-başa çatmışdır.

Sonradan köçüb yaşamağa başladıqları Bakıda orta məktəbi bitirəndə tarixin gərgin bir dövrü idi. Bəşəriyyət İkinci Dünya müharibəsi kimi çətin bir sınaqdan keçirdi. Belə bir vaxtda orta məktəbi başa vuran Zərifə Əliyeva həyat yolunu insan sağlamlığının qorunmasına həsr etmək qərarını verdi. Bu məqsədlə o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil oldu. 1947-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra isə Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə biliklərini daha da dərinləşdirməyə başladı.

Elmi tədqiqata böyük sevgi, bağlılıq Zərifə xanımı tezliklə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Oftalmologiya İnstitutuna gətirdi və o, 1949-cu ildən burada fəaliyyətə başladı. Aspirantura mərhələsini 1950–1953-cü illərdə müvəffəqiyyətlə tamamlayıb sonrakı illərdə həmin institutda böyük elmi işçi kimi fəaliyyət göstərdi.

XX əsrin ortalarında respublikada geniş yayılmış traxoma xəstəliyi ciddi sosial bəlaya çevrilmişdi. Effektiv müalicə üsullarının hələ tam formalaşmadığı həmin dövrdə bu xəstəliklə mübarizə təkcə oftalmoloqlar üçün deyil, bütövlükdə səhiyyə sistemi üçün strateji əhəmiyyət daşıyırdı. Zərifə Əliyeva traxomanın qarşısının alınması və müalicəsi istiqamətində həyata keçirilən tədbirlərin ön sıralarında yer alırdı. O, yalnız elmi araşdırmalarla kifayətlənmir, eyni zamanda xəstəliyin geniş yayıldığı bölgələrə səfərlər edir, həkimlər üçün mühazirələr oxuyur, əhali arasında maarifləndirmə işləri apararaq praktik səhiyyə sahəsində əvəzsiz xidmətlər göstərirdi. O illərdə Zərifə xanım fədakar əməyi ilə nə qədər insanın gözünün nurunu qorumuşdu.

Unudulmaz müəllim

Zamanın çağırışları Zərifə Əliyevanın elmi axtarışlarının istiqamətini də müəyyənləşdirmişdi. Onun tədqiqatları xüsusilə traxomanın müalicəsi və ağırlaşmalarının aradan qaldırılması yollarına həsr olunmuş, gənc alim həmin dövr üçün yeni sayılan sintomisin antibiotikinin tətbiq imkanlarını dərindən araşdırmışdı. Gəldiyi elmi nəticələri o, 1960-cı ildə “Traxomanın sintomisinlə digər terapiya üsulları ilə birgə müalicəsi” mövzusunda namizədlik dissertasiyasında uğurla təqdim edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü. 1963-cü ildə isə ona oftalmologiya ixtisası üzrə baş elmi işçi adı verildi.

Zərifə xanımın elmi-pedaqoji fəaliyyətinin yeni mərhələsi 1967-ci ildən başladı. Həmin il Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent kimi dəvət olundu və ömrünün sonunadək bu elm ocağında çalışdı. 1983-cü ildə isə o, kafedraya rəhbərlik etməyə başladı. Bu dövrdə alim yalnız nəzəri fəaliyyətlə kifayətlənmir, eyni zamanda mürəkkəb cərrahi əməliyyatlar aparır, xəstələrin müalicəsində birbaşa iştirak edir, onların sağlamlığı üçün səylərini əsirgəmirdi. Zərifə xanımın fəaliyyəti oftalmoloji xidmətin təşkili, mütəxəssislərin hazırlanması, ixtisasartırma prosesinin təkmilləşdirilməsi kimi geniş sahələri əhatə edirdi.

Zərifə Əliyevanın ən böyük xidmətlərindən biri də yüksək ixtisaslı kadrların yetişdirilməsinə verdiyi töhfələrdir. Onun rəhbərliyi altında gənc alimlərin və oftalmoloq həkimlərin bütöv bir nəsli formalaşmış, zəngin elmi təcrübə və praktik biliklər yeni nəslə ötürülmüşdür. O, tələbələrinə yüksək diqqət və qayğı ilə yanaşaraq onları peşəkar, məsuliyyətli mütəxəssislər kimi yetişdirirdi. Ümumilikdə, Zərifə xanım ətrafına istedadlı və savadlı gəncləri cəlb etməklə elmi-tədqiqat mühitini uğurla təşkil edirdi. 1977-ci ildə onun təşəbbüsü ilə Bakıda keçirilən Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu yüksək təşkilatçılıq bacarığı tələb edən mühüm hadisə idi və bu məsuliyyətli işi alim uğurla həyata keçirmişdi. Həmin toplantı həm Azərbaycanda, həm də keçmiş ittifaq məkanında oftalmologiya sahəsinin inkişafına, elmi və pedaqoji kadrların hazırlanmasına ciddi təkan verdi.

Əbədiyaşar əsərlər müəllifi

Milli oftalmologiya məktəbinin formalaşmasında müstəsna rol oynamış Zərifə Əliyeva 1968-ci ildən etibarən görmə orqanının peşə patologiyalarının öyrənilməsini fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirmiş, bu sahədə irəli sürdüyü yeni elmi yanaşmalarla beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Onun uzun illər apardığı müşahidə və klinik araşdırmaların nəticələri 1976-cı ildə Moskvada nüfuzlu M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasında ümumiləşdirilmişdir. Bu uğurun davamı olaraq, bir il sonra ona professor elmi adı verilmiş, 1983-cü ildə isə elmi və təşkilati fəaliyyətində qazandığı mühüm nəticələrə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Oftalmologiyanın müxtəlif sahələrini əhatə edən 150-dən artıq elmi məqalənin, 14 monoqrafiyanın müəllifi kimi onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyur, yazdığı əsərlər və monoqrafiyalar müasir oftalmoloqlar üçün etibarlı istinad mənbəyi kimi istifadə olunur.

Akademikin çoxillik tədqiqatları nəticəsində istehsalat mühitində aşağı intensivlikli zərərli amillərin görmə orqanına təsir mexanizmləri ilk dəfə sistemli şəkildə araşdırılmış, mühüm qanunauyğunluqlar üzə çıxarılmışdır. Zərifə xanımın elmi maraq dairəsi olduqca geniş idi. Traxomanın klinik xüsusiyyətlərindən başlayaraq görmə orqanının fiziologiyası, peşə xəstəlikləri fonunda yaranan göz patologiyalarının profilaktika və müalicəsi, kimya sənayesində çalışanların görmə sağlamlığı, virus mənşəli göz xəstəlikləri, o cümlədən ağır konyuktivitlər, gözün hidrodinamik sistemi, müasir cərrahiyyə üsulları ilə müalicə metodları, şəkərli diabet zamanı yaranan göz fəsadları, terapevtik oftalmologiya, iridodiaqnostika və qlaukoma kimi problemlər daim onu düşündürürdü.

Böyük alim göz travmalarının nəticələrinin cərrahi müalicəsində istifadə olunan mövcud metodları dərindən təhlil etmiş, onların daha effektiv şəkildə tətbiqi üçün praktik əhəmiyyət daşıyan təkliflər irəli sürmüşdür. Alimin diqqət yetirdiyi digər mühüm istiqamətlərdən biri də gözün bədxassəli şişləri olmuş, o cümlədən göz melanomasının klinik xüsusiyyətlərini ətraflı şəkildə öyrənmişdi. Daktriologiya sahəsində yazdığı “Göz yaşı drenajının fiziologiyası”, “Göz yaşı axmasının cərrahi müalicəsinin müasir üsulları”, “Göz yaşı yollarının ehtiyatlı cərrahiyyəsi” kimi fundamental əsərlər yalnız oftalmoloqlar üçün deyil, fizioloqlar üçün də zəngin mənbədir. Zərifə xanım Əliyevanın həmmüəllifi olduğu “Terapevtik oftalmologiya”, “İridologiyanın əsasları”, “Oftalmologiyanın aktual məsələləri” kimi monoqrafiyalar isə həm həkimlər, həm də müəllim və tələbələr üçün aktuallığını hər zaman qoruyur.

Zərifə xanım həkim peşəsinin mənəvi tərəflərinə də xüsusi önəm yetirir, tibbi etika məsələlərini daim diqqət mərkəzində saxlayırdı. Onun həkim davranışı və peşə məsuliyyəti barədə irəli sürdüyü fikirlər, çoxsaylı çıxış və məqalələri, eləcə də “Uca çağırış” adlı əsəri tibb işçilərinin etik formalaşmasına mühüm təsir göstərmişdir.

Zərifə xanımın belə bir kitab yazmağa tam haqqı çatırdı, çünki o şəxsiyyət olaraq bu kitabda yazdıqlarının canlı örnəyi idi; bütün fəaliyyəti insan amilinə söykənir, atdığı hər addımda humanizm və mərhəmət prinsipləri əsas götürülürdü. Sadə insanlara göstərdiyi diqqət və qayğını, onların problemlərinə həssas münasibətini Zərifə xanım həkimlik missiyasının ayrılmaz hissəsinə çevirmişdi.

Görkəmli alim “Yüksək əqidə” (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı) əsərində yazırdı: “Həkimin fəaliyyətinin əsasını xəstənin həkimə inamı, onların arasında sıx əlaqənin yaranması, bir-birini yaxşı başa düşməsi təşkil edir. Həkim çox səbrli olmalıdır. O, xəstənin daxili aləminə girib, onu başa düşməsi üçün "Şəhrizadın" uzun-uzadı nağılını dinləməyi bacarmalıdır. İnsanın və xüsusilə xəstənin daxili aləmi də onun orqanizmi kimi mürəkkəbdir.

Xəstəyə düzgün münasibət onun sənətinin əsas mahiyyətlərindəndir. Bəzən həkim xəstəyə yardım göstərərkən (bu həm mənim, həm də həmkarlarımın təcrübəsində olub) xəstəliyin xüsusiyyətlərindən asılı olaraq, həkim xəstənin və onun qohumlarının yersiz məzəmmətlərini, acı sözlərini, hətta hədələrini dinləməyə məcbur olur. Başqa sənət sahibi olanlar bundan inciyərək təhqir edəndən imtina edərdi, üstünə qışqırıb onu qovardı. Lakin həkim belə hərəkəti özünə rəva bilmir, özünün təhqir olunmuş hissiyyatını və həyəcanını büruzə verməyə ixtiyarı yoxdur.

… Həkim xeyirxah olmalıdır. Həkimin ürəkaçıqlığı xəstə və onun qohumları arasında mənəvi ünsiyyətin yaranmasında ən yaxşı vasitədir. Həkimin fəaliyyətində formalizm (xəstə mənim sahəmdən deyil, mən məşğulam. başqa vaxt gəlin və s.) olmamalıdır.

Eyni zamanda aparılan müalicənin müvəffəqiyyəti həkim ilə xəstə arasında əmələ gəlmiş mənəvi kontaktdan, xəstənin özünün və qohumlarının həkimə münasibətindən çox asılıdır. Ona görə də XIII əsrdə yaşamış suriyalı həkim Əbül Fərədis xəstəyə müraciət edəndə deyirdi ki, "Biz üçük - sən, xəstəlik və mən. Əgər sən xəstəlik ilə birləşsən, siz ikiləşəcəksiniz, mən tək qalacağam, o zaman siz mənə qalib gələcəksiniz. Əgər sən mənimlə olsan, onda biz ikiləşərik, xəstəlik tək qalar - biz birlikdə xəstəliyə qalib gələrik".

Həkimlik fəaliyyətinin xüsusiyyəti xəstə ilə həkim arasında həqiqi hörmət, həkimin xəstənin əziyyətini yüngülləşdirmək üzərində qurulmalıdır. Bunun nəticəsində tibb işçilərinin müəyyən hüquqi və ixtisas borcu var. Həkimin əsas borcu xəstəyə imkan dairəsində nə varsa, hamısını edib onu sağaltmaqdır”. Bütün bu fikirlər onu göstərir ki, Zərifə xanım Əliyevanın həm də özünəməxsus həkim fəlsəfəsi, xəstələrə yanaşma metodu, prinsipləri olmuşdur.

Yenilikçi elm xadimi

1977-ci ildə Bakıda keçirilən Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunda Zərifə Əliyevanın təşəbbüsü ilə görmə orqanının peşə patologiyalarının öyrənilməsi üzrə ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasının yaradılması ideyası dəstəklənmişdi. Bunun nəticəsi olaraq Bakı Məişət Kondisionerləri Zavodunda nadir elmi mərkəz fəaliyyətə başlamış, burada klinik və funksional diaqnostika ilə yanaşı, cərrahi xidmət də təşkil olunmuşdur.

Zərifə Əliyevanın görmə orqanına ətraf mühit amillərinin təsir mexanizmlərini və qanunauyğunluqlarını araşdıran fundamental tədqiqatları tibb elminin sərhədlərini genişləndirərək biotibb və xüsusilə Fiziologiya kimi multidissiplinar istiqamətlərin bu sahəyə inteqrasiyasını zəruri etmişdi. Məhz bu elmi yanaşma onun fəaliyyət yolunun mühüm bir hissəsini akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə sıx bağlamışdı. Alimin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1979-cu ildə burada keçmiş SSRİ məkanında ilk dəfə olaraq görmə orqanının fiziologiyası və peşə patologiyası üzrə ixtisaslaşmış laboratoriya yaradılmışdı.

Laboratoriyanın ilkin elmi proqramının “Müxtəlif kimyəvi faktorların təsiri şəraitində işləyən insanların görmə orqanının kliniki-fizioloji və morfohistokimyəvi xüsusiyyətləri” mövzusu ətrafında qurulması dövrün reallıqlarından irəli gəlirdi. Ötən əsrin 70-ci illərində bura Azərbaycan kimya sənayesinin əsas mərkəzlərindən biri kimi formalaşmışdı və həmin səbəbdən aparılan tədqiqatların əsas məqsədi istehsalatda istifadə olunan kimyəvi maddələrin görmə orqanına uzunmüddətli təsirinin kompleks şəkildə öyrənilməsi, eləcə də erkən diaqnostika üsullarının işlənib hazırlanması idi. Həmin dövrdə tibb elminin qarşısında duran mühüm məsələlərdən biri də az dozalı, lakin davamlı təsir göstərən zərərli amillərin yaratdığı qeyri-spesifik patologiyaların araşdırılması sayılırdı. Bu kontekstdə orqanizmin adaptiv-kompensator mexanizmlərinin öyrənilməsi xüsusi aktuallıq kəsb edirdi.

Zərifə Əliyeva elmdə ilk dəfə olaraq yod və şin sənayesində çalışan işçilərdə görmə orqanının peşə xəstəliklərini sistemli şəkildə tədqiq etmiş, onların profilaktikasına dair konkret elmi-praktik tövsiyələr irəli sürmüşdür. Onun analoqu olmayan genişmiqyaslı araşdırmaları respublikanın ondan artıq iri sənaye müəssisəsini, o cümlədən neftayırma zavodlarını əhatə etmiş, 4000-dən çox fəhlə və mütəxəssis bu tədqiqatlara cəlb olunmuşdur. Bu işlər, əslində, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin necə qurulmalı olduğunu nümayiş etdirən nümunəvi model kimi qiymətləndirilməlidir.

Apardığı tədqiqatların yüksək elmi nəticələri, tibb elminə, insan sağlamlığına töhfələri öz layiqli dəyərini almış, akademik Zərifə Əliyeva 1981-ci ildə qadın alimlər arasında ilk dəfə olaraq oftalmologiya sahəsində ən nüfuzlu mükafatlardan biri – M.İ.Averbax adına mükafatla təltif edilmişdir.

Zərifə Əliyeva oftalmoloji müayinələrin ənənəvi üsulları ilə kifayətlənməyərək, elmi praktikaya ilk dəfə geniş şəkildə elektrofizioloji metodların tətbiqinə də öncüllük etmişdir. Onun təşəbbüsü ilə toksik maddələrlə təmasda olan işçilər üzərində aparılan elektroretinoqrafiya, elektrookuloqrafiya və reooftalmoqrafiya kimi müayinələr torlu qişanın hüceyrə strukturlarında baş verən funksional dəyişikliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə imkan yaratmışdır. Paralel şəkildə həyata keçirilən eksperimental araşdırmalar isə zərərli kimyəvi və fiziki amillərin torlu qişanın fəaliyyətinə, sərbəst radikal proseslərinə və neyromediator balansına təsirini üzə çıxarmış, bu nəticələr bu gün də elmi ictimaiyyət üçün aktuallığını qorumaqdadır.

Alimin rəhbərliyi ilə Salyan rayonunda kənd təsərrüfatı sahəsində çalışan və pestisidlərlə təmasda olan təxminən 500 nəfəri əhatə edən genişmiqyaslı tədqiqat işi də mühüm nəticələrlə yadda qalmışdır. Bu araşdırma ilk dəfə olaraq kənd təsərrüfatı işçilərində görmə orqanının vəziyyəti barədə sistemli məlumatların əldə olunmasına şərait yaratmış, eyni zamanda pestisidlərin təsiri altında gözün ön şöbəsində iltihabi xəstəliklərin yayılma səviyyəsinin nəzərəçarpacaq dərəcədə artdığını sübut etmişdir.

Şəxsiyyəti də, peşəsi də işıqlı idi

Zərifə Əliyevanın elmi maraq dairəsində yaş amilinin görmə sistemi üzərində təsiri də xüsusi yer tuturdu. Onun “Gözün və görmə-sinir traktının yaş dəyişmələri” adlı fundamental əsəri görkəmli rus oftalmoloqu A.Brovkina tərəfindən yüksək qiymətləndirilmiş və bu tədqiqat oftalmologiyada yeni bir istiqamətin – oftalmoloji gerontologiyanın əsasını qoyan iş kimi dəyərləndirilmişdir. Bu əsərin əhəmiyyəti bu gün də akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda aparılan müasir gerontoloji araşdırmalar fonunda daha aydın görünür.

Zərifə xanımın elmi fəaliyyəti bir çox görkəmli alimlərin xatirələrində öz əksini tapmışdı. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.V.Trutneva yazrdı ki, “Zərifə xanım hər şeydən əvvəl görkəmli alim-oftalmoloqdur. Təkcə oftalmoloqmu?! O eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elmdə məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağırdır və onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgilər tələb edir. Üstəlik, yüksək təşkilatçılıq bacarığı da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya xas idi”. Əməkdar elm xadimi, professor N.B.Şulpina danışırdı ki, Zərifə xanım xəstəyə təcili diaqnoz qoymağa, tələsmirdi: “ Bir növ xəstənin daxili aləmini öyrənməyə çalışırdı. Bu həkim xəstənin yaşayış tərzini, vərdişlərini, şikayətini və xəstəliyin baş vermə səbəblərini aydınlaşdırmağa səy göstərirdi. Onun fikrincə, yalnız belə olduqda obyektiv klinik müayinə əsasında düzgün müalicə təyin etmək mümkündür”. Akademik N.Puçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, elm xadiminin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb.

Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev isə demişdir: "Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də gözün müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın".

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında oxuyuruq: “ Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır”.

***

Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də fəal ictimai xadim kimi geniş fəaliyyət göstərmişdir. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” cəmiyyətinin idarə heyətinin və elmi-tədqiqatlar komitəsinin rəyasət heyətinin üzvü, həmçinin SSRİ Oftalmoloqlar Cəmiyyətinin üzvü kimi elmi-ictimai proseslərdə fəal iştirak etmiş, “Oftalmologiya bülleteni” jurnalının redaksiya heyətində təmsil olunmuşdur.

Bu böyük alim və şəxsiyyətin dövlət və cəmiyyət qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, o, müxtəlif orden və medallarla təltif edilmiş, həmçinin “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də əsl ziyalılıq nümunəsi idi. Onun yüksək intellekti, dərin biliyi, zərif davranışı, təmkin və nəcibliyi, insanlara olan səmimi münasibəti və peşəsinə sədaqəti bu obrazı əsas keyfiyyətlər kimi tamamlayırdı. O, öz işığı ilə ətrafını nurlandıran, həm elmi, həm də mənəvi müstəvidə örnək sayılan nadir şəxsiyyətlərdən biri kimi yadda qalmışdır və hər zaman da belə xatırlanacaqdır.

Əhliman ƏMİRASLANOV,
akademik



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

13.06.2026 / 22:50
Tramp rəsmən elan etdi – İranla saziş sabah imzalanacaq...

13.06.2026 / 20:21
İsraildən Trampa çağırış - Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...

13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı - RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır

12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...

12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur" - Nazir müavini

12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz" - Ədliyyə rəsmisi

12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

12.06.2026 / 11:11
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanladı

12.06.2026 / 11:09
Prezident İlham Əliyev Putini təbrik etdi

12.06.2026 / 10:59
Yüksək vəzifəli şəxs SAXLANILDI - Gömrükdə ƏMƏLİYYAT

12.06.2026 / 10:49
Ağdaşda avtomobili ildırım vurdu...

12.06.2026 / 10:40
DYP “Son zəng” ilə bağlı məzunlara və valideynlərə müraciət etdi - bunlardan uzaq olun...

12.06.2026 / 10:32
"2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb" - Prezidentin köməkçisi

12.06.2026 / 10:19
ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR

12.06.2026 / 10:04
“Son zəng”lə bağlı sürücülərə xəbərdarlıq edildi...

12.06.2026 / 09:46
Azərbaycan Rusiyanı təbrik etdi

12.06.2026 / 09:29
Goranboyda marketdə MASKALI SOYĞUN...

12.06.2026 / 09:20
Aqrar sahədə yeni Dövlət Proqramı üzrə regional müşavirələrə start verilir

11.06.2026 / 23:51
Tramp İranla razılaşma əldə edildiyini bəyan etdi – saziş Avropada imzalana bilər...

11.06.2026 / 23:06
Qadınların milliləşdirilməsi siyasətinin tərkib hissəsi

11.06.2026 / 22:40
Vüsal Tahirovun adının və soyadının leksik mənası və izahı

11.06.2026 / 21:20
Ermənistan hakimiyyəti konstitusiya dəyişikliyini aşkarca uzadır - nazir özünü təkzib etdi...

11.06.2026 / 20:28
Paşinyan Gümrü bələdiyyə rəhbərliyini “dama basdı” - üstəlik ultimatum verdi... tezliklə...

11.06.2026 / 20:01
Kreml İrəvandan "KTMT-də qalıb-qalmamağın" tezliklə həllini tələb etdi...

11.06.2026 / 19:33
İran-ABŞ danışıqları 12 milyarda görə dalana dirəndi...

11.06.2026 / 19:16
Aysel Əlizadənin “Xoşbəxtlik haqqında” kitabı çap olunub

11.06.2026 / 18:46
Neft 60 dollar bahalaşdı, ÜDM artmadı - niyə?...

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ