ABŞ prezidenti Donald Trampın etirazçıları qorumaq üçün İrana hərbi müdaxilə edə biləcəyi xəbərdarlığından sonra bölgədə aktivlik artıb. Trampın hərbi müdaxilə xəbərdarlığından sonra “Reuters” agentliyinə danışan diplomatlar Qətərdəki bəzi ABŞ əsgərlərinə Əl-Udeid Hava Bazasını tərk etmələrinin tövsiyə olunduğunu bildiriblər.
Diplomatlar bildiriblər ki, Əl-Udeid ABŞ hərbi bazasındakı bəzi personala axşama qədər bazanı tərk etmələri tövsiyə olunub.
Bir diplomat "bu, mövqe dəyişikliyidir, əmr edilmiş bir təxliyə deyil" deyib. Lakin diplomat, mövqe dəyişməsinin səbəbi ilə bağlı heç bir məlumata malik olmadıqlarını bildirib.
Nə ABŞ-ın Dohadakı səfirliyi, nə də Qətər Xarici İşlər Nazirliyi hələlik açıqlama verməyib.
Yaxın Şərqdəki ən böyük ABŞ bazası olan Əl-Udeyddə təxminən 10 min əsgər var.
Qeyd edək ki, bir neçə saat əvvəl İranın yüksək vəzifəli rəsmisi bildirib ki, Trampın İrana müdaxilə təhdidindən sonra Tehran administrasiyası region ölkələrini Vaşinqtondan hücum olacağı təqdirdə ABŞ hərbi bazalarına hücum edəcəyi barədə xəbərdar edib.
Tahir TAĞIYEV