Hüseyn İbrahimov: “Bütün bunlar indiki dövrdə olduqca böyük hadisədir”
Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Bu sözləri Prezident İlham Əliyev Ağdərə sakinləri ilə görüşdə bildirib.
Dövlət başçısı qeyd edib: “Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Prezidentin səsləndirdiyi bu fikir tamamilə tarixi həqiqətdir: “Həqiqətən də son 80 ildə Azərbaycan kimi mütləq qələbə qazanan ölkə olmayıb. Bir sıra dövlətlər itirdikləri əraziləri ya tam qaytara bilməyiblər, ya da yarımçıq qaytarıblar. Elə dövlət olub ki, ərazilərini qaytarmağa cəhd edib, amma əlavə ərazilər itirib. Tarixdə bu kimi hadisələr də az baş verməyib. Azərbaycan yeganə ölkədir ki, axına qarşı gedərək öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Məsələ ondadır ki, istər Birinci Qarabağ müharibəsində, istərsədə İkinci Qarabağ müharibəsində dünya gücləri bu və ya digər dərəcədə Ermənistana dəstək verirdilər. Həmin dəstəyin hesabına həm ərazilərimiz işğal edildi, həm də 30 il işğal davam etdi. Azərbaycan səbrlə 26 illik atəşkəs dövründə güclü ordu yaratdı, iqtisadiyyatı inkişaf etdirdi, uyğun geosiyasi vəziyyət formalaşdıraraq qarşısına qoyduğu məqsədlərə çatdı. Bütün bunların əldə edilməsində Prezident İlham Əliyevin müstəsna siyasi rolu olub. Düzdür, işğalla bağlı qəbul edilən 4 BMT qətnaməsinin icrası ilə bağlı beynəlxalq müstəvidə heç bir addım atılmadı. Çünki o vaxt ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalı rəsmiləşdirmək, Azərbaycanı bu reallıqla barışmağa məcbur etmək istəyirdilər. Azərbaycan isə beynəlxalq hüquqa, BMT qətnamələrinə dayanaraq, axına qarşı gedərək ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Azərbaycan diplomatiyasının da bütün bu uğurların əldə edilməsində rolu böyükdür. Təsadüfü deyil ki, bir sıra ölkələr Azərbaycanın uğurunu öyrənirlər. Bütün bunlar indiki dövrdə olduqca böyük hadisədir”.
Vidadi ORDAHALLI