XX əsrdə azərbaycanlılar öz evlərindən və torpaqlarından zorla köçürülüb, həmçinin coğrafi adlar da dəyişdirilib. Dəyişdirilmiş toponimlər aydın şəkildə göstərir ki, azərbaycanlılar bu ərazilərin yerli sakinləri olub və zamanla oradan çıxarılıblar.
Bu sözləri amerikalı professor Michael Martin Gunter “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransın “Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması” adlı panel müzakirəsində söyləyib.
O bildirib ki, Ermənistan kontekstində azərbaycanlılara aid toponimlər ciddi dəyişikliklərə məruz qalıb. Bu proses həm sovet dövründə, həm də 1991-ci ildən sonra həyata keçirilib.
"Azərbaycanlılara aid yerlərin adları sistematik şəkildə dəyişdirilib və xəritələrdə, yol göstəricilərində erməni ekvivalentləri ilə əvəzlənib. Ermənistanda olan əsas azərbaycanlı toponimləri tarixi olaraq Azərbaycan dili və mədəniyyəti ilə bağlı olub, lakin sovet dövründə və sonrakı illərdə erməniləşdirilib", - deyə amerikalı professor vurğulayıb.
Professor bildirib ki, vaxtilə hazırkı Ermənistan ərazisində 650 kənddə azərbaycanlılar yaşayıb.
ZÜMRÜD