Ermənistanda Pedaqoji Universitetin rektoru Srbui Qevorkyan və ali məktəbin bir neçə əməkdaşı saxlanılıb. APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Universitetin mətbuat katibi Diana Markosyanın verdiyi məlumata görə, hazırda universitetdə istintaq hərəkətləri aparılır.
Markosyan bildirib ki, rektor Srbui Qevorkyan və digər əməkdaşlar saxlanılmayıb, onlar iş üzrə şahid qismində dindirilirlər.
Bu arada, Ermənistan mediası yazır ki, erməni kilsəsi internetdə yayılan və 2023-cü ildə arximandrit Natan Ovannisyan ilə katolikosun yaxın ətrafından olan keşiş Aqan Erndjakyan arasında olan söhbətin audio yazısının həqiqiliyini təsdiq edib.
Məlumata görə, həmin söhbətdən katolikosun keşişləri hökumət əleyhinə etiraz aksiyalarında iştirak etməyə məcbur etdiyi ortaya çıxıb.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan internetdə yayılan audio yazıya kəskin reaksiya verib: “Yaxşı, 1700 illik ən müqəddəs qurumu necə belə Koçaryan və rusiyalı biznesmenin ayaqları altına atmaq olar? Hansı məqsədlə? Ermənistan Apostol Kilsəsini Ktriç Nersisyanın (II Qaregin) hücumlarından qorumaq lazımdır. Onun kilsəyə qarşı kampaniyası dayandırılmalıdır. Andı pozan şəxs istefa verməlidir”.
Ermənistan Baş Prokurorluğu yayılan audio yazının cinayət işi çərçivəsində araşdırılacağını təsdiqləyib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan erməni kilsəsinə hücum ittihamları ilə razılaşmır. “Birincisi, ondan başlayaq ki, mənim tərəfimdən Erməni Apostol Kilsəsinə hücum yoxdur. Qeyd etmək istəyirəm ki, kilsə sənədlərində heç bir yerdə katolikos vəzifəsini tutan şəxs və kilsənin eyni olduğu yazılmır. Heç bir yerdə yepiskop və kilsənin eyni olduğu yazılmayıb”, - Ermənistan Baş naziri bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda altı keşiş tutulub, II Qareginin yepiskop qohumuna qarşı ittiham irəli sürülüb.