Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Böyük Britaniyanın Ukrayna kəşfiyyatı ilə birlikdə “Türk axını” qaz kəmərinə qarşı təxribata hazırlaşdığını iddia edib.
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında çıxış edən Bortnikov, Qərbin yeni beynəlxalq münasibətlər sisteminin inkişafına mane olmağa çalışdığını bildirib. O, Yaxın Şərq, Afrika və Avropada qeyri-sabit regionların yaranmasında NATO ölkələrinin kəşfiyyat xidmətlərinin barmağı olduğunu iddia edib.
Bortnikov, Kiyev administrasiyasının Britaniyanın nəzarəti altında olduğunu da iddia edib: "Əldə etdiyimiz məlumata görə, Rusiya ərazisində terror aktları və təxribatlar Britaniya kəşfiyyat xidmətlərinin himayəsi altında həyata keçirilir. Ukraynanın pilotsuz uçuş aparatları (PUA) və pilotsuz qayıqlarla Rusiya ərazilərinə və kritik infrastruktura qarşı hücumlarını Mİ6 hazırlayır. Britaniyalıların Ukrayna kəşfiyyatı ilə birlikdə “Türk axını” təbii qaz kəmərini sabotaj etməyə hazırlaşdıqları barədə məlumatlar var”.
Bortnikov Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar zamanı Rusiya ərazisinə hücumların edildiyinə diqqət çəkərək, Britaniyanın danışıqlara mane olmağa çalışdığını iddia edib. O, Londonun Avropanı Rusiya ilə müharibəyə sövq etmək niyyətində olduğunu deyib və bildirib ki, Avropa ilə Rusiya arasında potensial münaqişənin nəticələri çox fəlakətli ola bilər.
Bortnikov Rusiya PUA-larının Avropa İttifaqı ölkələrinin hava məkanını pozması ilə bağlı insidentin arxasında isə NATO-nun olduğunu iddia edib.
TAHİR