Ramil Məmmədli: “Artıq nə BMT, nə də digər beynəlxalq təşkilatlar erməni yalanlarına uymur”
Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin İşgəncələrə Qarşı Komitəsinin son nəticələrinə müraciət edərək, Azərbaycanda 23 erməni məhbusun saxlanılmasının davam etməsindən ciddi narahatlığını ifadə edib və bu narahatlıqların qüvvədə qaldığını vurğulayıb.
Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza üzrə xüsusi məruzəçisi, BMT-nin İşgəncələrə qarşı Komitəsinin sədri və BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin sədri ilə interaktiv dialoqun təfərrüatlarını təqdim edən bəyanat yayıb. Bəyanatda, həmçinin, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalar üzrə BMT-nin Xüsusi Məruzəçisi ilə interaktiv dialoqun təfərrüatları öz əksini tapıb.
Diqqəti çəkən məqam odur ki, Ermənistan nümayəndəliyinin bu şikayətinə Komitədən heç bir reaksiya verilməyib. Ancaq Ermənistan tərəfi informasiyanı elə təqdim edir ki, guya orada çox böyük reaksiya olub. Halbuki, BMT-nin İşgəncələrə qarşı Komitəsi onların şikayətinə çox ötəri “münasibət” bildirib.
“Antiterror əməliyyatlarında bir nəfər mülki erməni şəxsin burnu qanamadı və bunu bütün dünya gördü”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, artıq nə BMT, nə də digər beynəlxalq təşkilatlar erməni yalanlarına uymur: “Reallıq budur. Erməni tərəfi nəinki BMT komitələrində, AŞPA-da, Avropa Parlamentində həbsdə olan separatçılarla bağlı bənzər şikayətlər edir, amma gözlədikləri reaksiyanı görmürlər. Niyə? Ona görə ki, Qarabağ məsələsi bağlanıb. Azərbaycan beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü və suverenliyini təmin edib. Antiterror əməliyyatlarında bir nəfər mülki erməni şəxsin burnu qanamadı. Misli görünməmiş hadisə idi bu. Bunu bütün dünya, beynəlxalq təşkilatlar gördülər. Halbuki, dünyanın digər yerlərində də münaqişə və müharibələr var. Bütün dünya görür ki, mülki şəxslər necə qırğına məruz qalır. Ona görə də erməni tərəfinin bu kimi məsələləri qaldırması beynəlxalq təşkilatlar üçün maraqlı deyil. Məsələnin digər tərəfi ondan ibarətdir ki, əgər Bakıda həbsdə olan separatatçılar hansısa işgəncəyə, psixoloji təzyiqə məruz qalsaydılar, bu, mütləq ortaya çıxardı. Məgər bu, bizə lazımdır? Əlbəttə ki, yox. Başqa bir tərəfdən, separatçılara hələ məhkəmə hökmü oxunmayıb. Hansı ölkədə belə hallar baş verirsə, buna görə cavab verirlər. Separatçıların əli Azərbaycan xalqının qanına batıb. Ona görə də onlar öz cəzasını almalıdır”.
Vidadi ORDAHALLI