Xaqani Cəfərli: “Putin bilir ki, Suriya ilə bağlı əsas söz sahibi Əhməd Əl-Şaraa deyil”
Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraanın Moskvaya səfəri geniş rezonans doğurub.
Səfərdən əvvəl Şaraanın Rusiyadan Suriyanın keçmiş prezidenti, hazırda bu ölkəyə sığınan Bəşər Əsədin Suriyaya ekstradisiyasını tələb edəcəyi deyilirdi. Kremldə baş tutan Putin-Şaraa görüşündə Bəşər Əsədin Suriyaya qaytarılması məsələsinin müzakirə edilib-edilmədiyi barədə rəsmi məlumat olmasa da, Suriya üçün vacib olan bu məsələnin müzakirə edildiyi şübhəsizdir. Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şaraa dəfələrlə Rusiyadan Bəşər Əsədin ekstradisiyanı tələb edib, Moskva səfəri zamanı da bu tələbi irəli sürdüyü yəqindir. Baxmayaraq ki, hələlik mətbuatda bu barədə hər hansı bir rəsmi açıqlama yoxdur. Amma ekspertlərin rəyinə, müxtəlif yanaşmalara baxdıqda aydın olur ki, Şaraa Əsədon ekstradisiyasını tələb edib, amma rəsmi Kreml, Putin Bəşər Əsədi Suriyaya verməkdən imtina edib.
Rusiya Əsədi Suriyaya qaytarmaqdan yenə də imtina etdi. Bundan sonra iki ölkənin münasibətləri necə olacaq?
“Rusiya Suriya parçalanacağı halda ələvilərin quracağı dövlətlə yaxın olmaq istəyəcək”
Siyasi ekspert Xaqani Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın Bəşər Əsədi Əhməd əl-Şaraanın istəyi ilə Suriyanın indiki hakimiyyətinə təslim etməsi Rusiyanın siyasət fəlsəfəsinə zidd olar: “Buna görə Putinin belə bir addım atacağı inandırıcı deyildi. Özünü böyük dövlət hesab edən heç bir dövlət ona sığınmış keçmiş müttəfiqini təslim etmir. Çünki bu, başqaları üçün çəkindirici amil olar. Əksinə, sona kimi sahiblənməyə çalışır ki, başqaları üçün cəlbedici tərəf kimi görünsün.
Digər tərəfdən, Putin bilir ki, Suriya ilə bağlı əsas söz sahibi Əhməd Əl-Şaraa deyil. Bu adamın hakimiyyətdə nə qədər qala biləcəyi də məlum deyil. Ən nəhayət, Rusiya Suriya parçalanacağı halda ələvilərin quracağı dövlətlə yaxın olmaq istəyəcək. Onun üçün də Bəşər Əsədi təhvil vermək Moskvanın maraqlarına uyğun deyil”.
İradə SARIYEVA