Hüseyn İbrahimov: “Hesab edirəm ki, bu, çox ciddi siqnal sayıla bilər”
2010-cu ildən Tatarıstan Respublikasının Prezidenti (Rəisi) olan Rüstəm Minnexanov birmənalı şəkildə bəyan edib ki, Tatarıstan Rusiya-Ukrayna müharibəsinə əsgər göndərməli deyil. Çünki Tatarıstanın insan resursları son dərəcə məhduddur. Yaxşı olar ki, əhalinin sıxlığı ilə seçilən Moskva və Sankt-Peterburqdan əsgər toplasınlar.
Son dərəcə ciddi bəyanatdır. Çünki Tatarıstan Rusiyada sıradan bir region deyil. Bundan sonra Rusiyada digər bölgələr də Tatarıstana baxıb bənzər müraciətlər edə bilərmi? Bu kimi çağırışlar müharibənin gedişinə necə təsir edə bilər?
“Ukraynada müharibə uzandıqca, Rusiyada belə etiraz xarakterli çağırışların daha da artacağı gözlənilir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov bunu istisna etmədi: “Ukraynada müharibə uzandıqca, Rusiyada belə etiraz xarakterli çağırışların daha da artacağı gözlənilir. Ona görə ki, döyüşlərdə itkilərin sayı artdıqca, bu, cəmiyyətdə etirazların artmasına öz təsirini göstərir. Bundan əvvəl Şimali Qafqazda bəzi xalqların ağsaqqalları Putinə müraciət edib. Tatarıstan Rusiya Federasiyasında mühüm əhəmiyyət daşıyan ölkədir. Rusiya neftinin 6 faizi Tatarıstanın payına düşür. Minnexanovun müraciəti onu sübut edir ki, Rusiya əyalətlərində yaşayan vətəndaşlar, digər xalqların nümayəndələri qırğına verilir. Moskvada, Sankt-Peterburqda, bir qrup elit əhalinin yaşadığı Rublyovkada yaşayanlar müharibəyə aparılmır. Onlar səfərbərliyə cəlb edilmir. Bu da istər-istəməz ölkədə narazılığa səbəb olur. Çünki hamı hər şeyi yaxşı bilir. Dəfələrlə sosial mediada, internet resurslarında digər xalqların nümayəndələrinin narazılıqları yayılıb. Mahiyyət ondan ibarətdir ki, əhali müharibənin, insan qırğınının dayanmasını istəyir. Problem odur ki, müharibənin nə vaxt dayanacağı bəlli deyil. Ukraynaya göstərilən dəstək artır. Dörd ilə yaxındır ki, Rusiya Ukraynaya qarşı müharibə aparır. Gör vəziyyət nə dərəcədə krtikdir ki, Minnexanov kimi bir şəxs ölkə başçısına müraciət edir. Hazırda Rusiyada mərkəzdənqaçma meylləri yoxdur, amma müharibə davam edərsə, o zaman belə istəklər ortaya çıxa bilər. Çünki Rusiya böyük dövlətdir və orada bir çox xalqlar yaşayır. Yəni zəmanət yoxdur ki, müharibə bir müddət sonra ölkədə güclü kataklizmlərə səbəb olmayacaq. O baxımdan hesab edirəm ki, bu, çox ciddi siqnal sayıla bilər”.
Vidadi ORDAHALLI