Elşən Manafov: “Azərbaycana olan müraciət ölkəmizə beynəlxalq aləmdə yüksək etimad və hörmətin ifadəsidir”
Məlum olduğu kimi, Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması ilə bağlı Misirin Şarm əş-Şeyx şəhərində baş tutan Sülh Sammitinə dəvət olunub və Prezident Əliyev sammitdə iştirak edib. Yaxın Şərq Sülh Sammitində bir çox ölkənin yüksək səviyyəli nümayəndələri bir araya gəlib.
Misirin prezident administrasiyasının açıqlamasına görə, zirvə görüşündə Tramp da daxil olmaqla 20-dən çox lider iştirak edib. Sammitdə Misir, ABŞ, Türkiyə, İordaniya, Qətər, Bəhreyn, Fələstin, İndoneziya, Azərbaycan, Fransa və Cənubi Kipr prezidentlər səviyyəsində, Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt isə baş nazirlər səviyyəsində iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi sammitdə Qəzza ilə bağlı sülh sazişi imzalanıb. Sazişi ABŞ, Türkiyə, Misir və Qətər liderləri imzalayıblar.
Azərbaycana verilən belə önəm nəyin göstəricisidir?
“Rəsmi Bakının regionun təhlükəsizlik problemlərin həllinə dair öz fərqli baxışları var”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “ABŞ-ın vasitəçiliyi ilə oktyabrın 10-da HƏMAS və İsrail arasında atəşkəs barədə imzalanmış müqavilə beynəlxalq birlikdə Misirin Şarm əl-Şeyx şəhərində tərəflər arasında sülh sazişinin də imzalanaçağına ümidlər doğurub. ABŞ-ın təklifi ilə münaqişə tərəfləri arasında imzalanacaq sülh müqaviləsinin təsdiqində Misir, Suriya, Birləşmiş Ərəb Əmirliyi ilə yanaşı, 20-dək dövlətin iştirak edəcəyi gözlənilir. Azərbaycanı bu proseslərə qatılmağa Birləşmiş Ştatlar prezidenti Donald Trampın dəvət etməsi ölkəmizin qlobal və regional xarakterli problemlərin həllində artan rolu və imkanlarının göstəricisidir. Azərbaycan münaqişə tərəfləri ilə sıx ticari, iqtisadi və siyasi əlaqələrə malik ölkədir. Regionun təhlükəsizlik problemlərin həllinə dair öz fərqli baxışları var. Problemin həllinə “iki xalq, iki dövlət” prinsipindən yanaşır və bu model bütün dünya tərəfindən müdafiə olunur. Azərbaycana olan müraciət ölkəmizə beynəlxalq aləmdə yüksək etimad və hörmətin ifadəsidir. İsrail və HƏMAS-ın danışıqlarda iştirak etməməsi yaxın perspektivdə sülh müqaviləsinin imzalanmayacağını söyləməyə əsas verir. Hərçənd, bir sıra ərəb ölkələri sülh müqaviləsinin davamlı olacağına müəyyən ümidlər verirlər. İndoneziya münaqişə tərəflərinin razılığı ilə 50 mindən çox hərbçini münaqişə zonasına göndərməyə hazır olduğunu bildirib. Düşünürük ki, Azərbaycan bu layihəni dəstəkləyən dövlətlər sırasında olacaq və belə bir mövqe onun regional nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. Hər halda, bu yöndə müəyyən gözləntilər var”.
Vidadi ORDAHALLI