Bəhruz Quliyev: “Hesab edirəm ki, bu prinsiplər bir-birini tamamlayaraq qonşu ölkələr arasında tərəfdaşlığın möhkəmlənməsinə və inteqrasiyanın sürətlənməsinə şərait yaradacaq”
Prezident İlham Əliyev "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür:
“Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə - Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir”.
“...Region üçün strateji önəm daşıyır”
“SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə “Prezident İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına müraciətində səsləndirdiyi fikirlər region üçün strateji önəm daşıyır. Qarşıya qoyulan yeni əməkdaşlıq formatının üç əsas prinsipi: qarşılıqlı inam, təhlükəsizlik və praqmatizm gələcək regional münasibətlərin inkişaf xəttini müəyyən edir"-deyə bildirdi.
B.Quliyev əlavə etdi ki, regionda qarşılıqlı inam tərəflər arasında uzunmüddətli və dayanıqlı əməkdaşlıq üçün əsas şərtdir: “Təhlükəsizlik bütün ölkələrin maraqlarını qorumağa xidmət edir və sabitliyin möhkəmlənməsinə imkan yaradır. Praqmatizm isə real vəziyyətə uyğun, qarşılıqlı faydaya söykənən yanaşmanı təmin edir.
Hesab edirəm ki, bu prinsiplər bir-birini tamamlayaraq qonşu ölkələr arasında tərəfdaşlığın möhkəmlənməsinə və inteqrasiyanın sürətlənməsinə şərait yaradacaq. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən bu yanaşma regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açır və ölkəmizin bu prosesdə aparıcı rolunu təsdiqləyir. Bir sözlə, Prezidentin verdiyi mesaj regionun inkişafına xidmət edəcək prinsiplərdir”.
İradə SARIYEVA