Sahil Kərimli: “Bu ən mümkün variantlardan biridir və hər iki ölkənin bu ittifaqa qoşulması perspektivi böyükdür”
Məlum olduğu kimi, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hər iki ölkəyə hücum zamanı qarşılıqlı yardım üçün strateji müdafiə sazişi imzalayıblar. Beləliklə, Azərbaycanın iki yaxın dostu hərbi ittifaq sazişi bağladılar. Gələcəkdə Azərbaycan və Türkiyənin də bura qoşulma perspektivi varmı?
Politoloq Sahil Kərimli baki-xeber.com-a bildirdi ki, Azərbaycan bütün dost ölkələrlə həm siyasi, həm iqtisadi, eyni zamanda da hərbi əməkdaşlıq həyata keçirən ölkədir. “Bir müddət əvvəl isə Səudiyyə Ərəbistanının prezidentinin ölkəmizə səfəri çərçivəsində əldə olunan razılığa əsasən gələcəkdə hərbi əməkdaşlıq sahəsi də gündəmdə olan məsələlərdən biridir. Bundan əvvəl Pakistanla Azərbaycanın bir sıra sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və hərbi istiqamətlərdə əməkdaşlığı olub. Səudiyyə Ərəbistanı ilə də əməkdaşlıqlar daim gündəmdə olan məsələlərdəndir.
O ki qaldı Pakistanla Səudiyyə Ərəbistanının hərbi ittifaqına, əlbəttə, Azərbaycan və Türkiyə də gələcəkdə bu ittifaqa qoşula bilər. Bu ən mümkün variantlardan biridir və hər iki ölkənin bu ittifaqa qoşulması perspektivi böyükdür.
S.Kərimli qeyd etdi ki, Azərbaycan daim dost və qardaş, strateji tərəfdaş, müttəfiq hesab etdiyi ölkələrlə hərbi əməkdaşlığı yalnız və yalnız öz milli və suveren ərazilərini müdafiə etmək məqsədi ilə həyata keçirir: “Bu hərbi əməkdaşlıqlar, təbiidir ki, heç bir digər ölkələrə yönəlik bir addım deyil. Bu, daha çox bölgədə sülhə və təhlükəsizliyə dəstək vermək məqsədi daşıyan məsələlərdəndir. Eyni zamanda, Azərbaycanın xarici hərbi təhdidlərə qarşı daha preventiv tədbirlər alması məqsədi daşıyır. Bundan sonra da Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə bu kimi addımlar ata bilər” - deyə S.Kərimli qeyd etdi.
İradə SARIYEVA