Sair-publisist Hikmət Məlikzadənin yaxın günlərdə işıq üzü görən “Əfsanə adam” adlı kitabı diqqətimi özünə cəlb etd. Kitab “Bakı-Xəbər” qəzetinin baş redaktoru, ictimai-siyasi xadim, siyasi ekspert, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyevə həsr edilib və keçdiyi zəngin, keşməkeşli, şərəfli ömür yolunun bir qismini əhatə edib. 65 illik yubleyinə həm də töhfədir.
Mən düşünmürəm ki, A.Quliyevin həyatını, fəaliyyətini və göstərdiyi xidmətləri bir kitaba sığdırmaq mümkün olsun. Onu millətə, xalqa və dövlətə dərin sevgisi, ali ideyalarına, yüksək dəyərlərə sadiqliyi daim ilhamlandırıb, yaradıcılığına stimul verib.
A.Quliyev mübarizə adamıdır. O, bütün sınaqlardan üzüağ, alnıaçıq çıxıb. Hər dəfə də bərkiyib, möhkəmlənib. Təcrübəsini və dünyagörüşünü daha da zənginləşdirib. Mən bəlağətsiz deyərdim ki, Azərbaycan çağdaş siyasi tarixində və mətbuatında Aydın bəyin özünəməxsus dəst-xətti, məktəbi var. Bu məktəb və dəst-xətt obyektivlik, ədalətlilik üzərində formalaşıb. Aydın Quliyev təsis və rəhbərlik etdiyi “Bakı-Xəbər” qəzetini böyük zəhmət hesabına ilk günlərdən etibarlı, operativ və qərəzsiz media orqanına çevirə bildi. Bu gün həmin media qurumuna istinad edilir, içtimai şüurun formalaşdırılmasında və siyasi prosesin yönləndirilməsində rola malikdir. Aydın Quliyevin uzun illərin zəhmətinə və məqsədyönlü fəaliyyətinə cəmiyyətimiz yüksək qiymət verib. Onun adına və imzasına həmişə ehtiram göstərilir. 65 yaşında cənab prezident İlham Əliyev tərəfindən “Əməkdar jurnalist” adı ilə təltif edilməsi ədalətin təntənəsi oldu. Özünün də ifadə etdiyi kimi, dövlətçiliyə bağlılığı qırılmazdır, bütövdür, sınanılmazdır, orden, medal, fəxri adlar təmənnası ilə bağlı deyil. Aydın bəyi ucaldan və zirvələrə qaldıran xüsusiyyətlərdən biri də gözütoxluğu, təmənna ummamağıdır.
Təbriklər, Aydın müəllim. Uğurlarının davamını təmənna edirəm!
Dərin hörmət və ehtiramla Əli Orucov “Millət” qəzetinin Baş redaktoru