Bunu başqa ölkələr edir, ancaq Azərbaycanın geosiyasi əhəmiyyətini artırır... Maraqlı düstur...

Məhəmməd Əsədullazadə: “Azərbaycanın enerji və tranzit daşımalarda oynadığı rol bundan sonra da artacaq”
Prezident Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib ki, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır:
“Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır”.
“Bu, beynəlxalq müstəvidə mövqeyimizin güclənməsinə, ölkəmizə qarşı etimadın formalaşmasına gətirib çıxarır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan öz enerji təhlükəsizliyini yüksək səviyyədə qurub və Avropanın enerji təhlükəsizliyində də vacib rol oynamaqdadır: “Burada təkcə Avropaya qaz ixracından söhbət getmir. Söhbət həm də “yaşıl enerji”nin Avropaya ötürülməsindən gedir. Xəzərlə Qara dəniz arasında stabil şəkildə enerji təhlükəsizliyi xətti yaradılıb. Həmçinin Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə də sərmayə qoyur. Təbii ki, bu, Azərbaycanın regional və beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə, ölkəmizə qarşı etimadın formalaşmasına gətirib çıxarır. Bir dövlət öz siyasi mövqeyini gücləndirmək, beynəlxalq siyasi müstəvidə söz sahibi olmaq üçün, təbii ki, əlində olan bir sıra rıçaqlardan səmərəli istifadə edir. Məhz Azərbaycan da öz enerji siyasətində ölkənin geosiyasi və regional mövqeyinin qorunması, ölkəmizə qarşı təzyiqlərin neytrallaşdırılmasını prioritet seçib və bu istiqamətdə mühüm addımlar atır. Bu gün 3500 kilometrlik Cənub Qaz dəhlizi, əlbəttə ki, Avropa ilə Azərbaycanı bir-birinə bağlayan əsas tranzit xəttidir. Bu da Avroittifaqda Azərbaycana qarşı etimadın formalaşmasına gətirib çıxarır. Artıq Azərbaycan tərəfdaş ölkə kimi qəbul edilir. Bu gün də Azərbaycan Cənubi Qafqazda öz geosiyasi mövqeyini gücləndirməklə bir çox regionlarla əməkdaşlıq əlaqələrini genişləndirir. Hesab edirəm ki, bütün bu proseslər Prezident İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsidir. Fikrimcə, Azərbaycanın enerji və tranzit daşımalarda oynadığı rol bundan sonra da artacaq”.
Vidadi ORDAHALLI