Rusiya İstanbulda Ukraynaya atəşkəs üçün iki variant təklif etdi...

Rusiya İstanbul danışıqlarında Ukraynaya təqdim etdiyi memorandumda atəşkəs üçün iki variant təklif edib. Rusiyanın TASS xəbər agentliyi yazır ki, Rusiya atəşkəs üçün təklif etdiyi birinci variantda Ukrayna ordusunun Xerson, Zaporojye, Donbas və Luqansk vilayətlərindən çıxarılmasını təklif edir.
Rusiyanın atəşkəslə bağlı ikinci variantında isə Ukraynaya qoşun yeridilməsinin qadağan edilməsi, səfərbərliyin və xarici hərbi yardımın dayandırılması, demobilizasiya prosedurlarının başlanması və üçüncü ölkələrin hərbi mövcudluğunun istisna edilməsi ilə bağlı maddələr yer alır.
Memorandumun “Yekun həllin əsas parametrləri” adlı bölməsində Ukraynanın neytrallığı və hərbi ittifaqlarda iştirakdan imtinası kimi müxtəlif maddələr yer alır.
Həmçinin Ukraynanın nüvə silahına malik olmaması və qoşunlarının sayını məhdudlaşdırması, Krım, Xerson, Zaporojye, Donbas və Luqansk vilayətlərinin beynəlxalq səviyyədə tanınması və Rusiyaya qarşı sanksiyaların ləğvi də tələb olunur.
Sözügedən maddələr arasında münaqişə nəticəsində dəymiş ziyana görə tələblərdən qarşılıqlı imtina, rusdilli əhalinin hüquq və azadlıqlarının təmin edilməsi, Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, nasizmin qadağan edilməsi, köçkünlərlə bağlı məsələlərin həlli, təbii qaz nəqli də daxil olmaqla, diplomatik və iqtisadi münasibətlərin tədricən bərpası da yer alır.
TAHİR