İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatdı...

Türkiyə, Rusiya və Ukrayna heyətləri arasında İstanbulda keçirilən görüş başa çatıb. Danışıqların Çırağan sarayında iki saata yaxın davam etdiyi və müzakirələrin rus dilində aparıldığı bildirilir.
Danışıqlardan sonra açıqlama verən Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli görüşün mənfi nəticələnmədiyini deyib.
Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında başlayan müharibədən dərhal sonra, Türkiyə həmin il həm Antalya, həm də İstanbulda tərəfləri eyni masa arxasına gətirib. Üçillik fasilədən sonra, bu ilin mayında Türkiyə sıx səyləri nəticəsində tərəflərin yenidən masa arxasına oturmasına müvəffəq olub. Rusiya ilə Ukrayna arasında bu müzakirələr mayın 16-da Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe İş Ofisində baş tutub. Danışıqlar nəticəsində qarşılıqlı min nəfərlik əsir mübadiləsi həyata keçirilib.
Çırağan Sarayındakı görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrlik edib. Üçtərəfli görüşə Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da qatılıblar. Toplantıda Rusiya heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna heyətinə isə müdafiə naziri Rustem Umerov rəhbərlik ediblər.
ZÜMRÜD