Xaqani Cəfərli: "Türkiyə, Suriya, İraq və İranda kürdlərin birliyini və müstəqil dövlətini özünün əsas məqsədi elan edən onlarla təşkilat, partiya mövcuddur"
Artıq PKK (Kürd Fəhlə Partiyası) rəsmən tarixə qovuşdu. Bəziləri bunu terror təşkilatının şəkil dəyişməsi kimi izah edir, bəziləri isə türk xalqı ilə kürd xalqının barışması kimi dəyərləndirir.
Hansının doğrulacağını ən ədalətli hakim olan zaman göstərəcək. Amma hər halda ortada tarixi bir hadisə var - PKK liderləri bütün silahlı dəstələri silahı yerə qoymağa çağırdı. Bu, Türkiyə üçün böyük qələbədir. Bu işdə Türkiyənin haqq səsinə kimlər dəstək verdi?
PKK-nın tərksilah edilməsində Rusiyanın və ABŞ-ın Türkiyəyə nə kimi dəstəyi-köməyi dəyə bilər?
Axı bu PKK-nın qurulmasında Rusiya və ABŞ önəmli rol oynayıblar. Rusiya PKK-nı heç vaxt terror təşkilatı kimi tanımaylb.
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, Türkiyə və Qərb ölkələri tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın özünü ləğv etməsi, bir neçə nüans olmasaydı, tarixi hadisə ola bilərdi: "Birinci nüans budur ki, PKK müstəqil kürd dövlətinin yaradılmasını hədəfləyən ilk və son təşkilat deyil. Türkiyə, Suriya, İraq və İranda kürdlərin birliyini və müstəqil dövlətini özünün əsas məqsədi elan edən onlarla təşkilat, partiya mövcuddur. Avropada kürd təşkilatlarının sayının 2 min olduğu haqqında məlumatlar var.
Onlarla media resursu bu məqsədə xidmət edir. Buna görə də PKK-nın ləğvi ilə problemin ortadan tamamilə qalxacağını gözləmək sadəlövhlük olar.
İkinci ən ciddi nüans ondan ibarətdir ki, terror təşkilatının qərarında PKK-nın Türkiyə Cümhuriyyətinin yaranışını, sərhədlərini tanıyan Lozanna müqaviləsini, Türk dövlətinin kimliyini və dövlət fəlsəfəsini müəyyən edən 1924-cü il Konstitusiyası kürdləri inkar və məhv etmə siyasətinə qarşı kürd xalqının azadlıq hərəkatı kimi qeyd edilir.
Üçüncü nüans ondan ibarətdir ki, əksəriyyətin alqışlarla qarşıladığı PKK qərarında kürdlərə qarşı soyqırımı həyata keçirildiyi iddia olunur.
Ən son olaraq PKK-nın özünü ləğv etməsinin qarşılığında Türkiyə dövlətinin Konstitusiyasına bir sıra dəyişikliklər ediləcəyi ilə bağlı fikirlər səslənir. Əgər bəhs edilən dəyişikliklər həyata keçirilsə, böyük Mustafa Kemal Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinin mahiyyəti tamamilə dəyişəcək. Bu isə bölgədə tamamilə yeni siyasi vəziyyət yaradacaq".
Akif NƏSİRLİ