Məlum olduğu kimi, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı deyib ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib və hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır.
Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlət başçısı qeyd edib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.
Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Bax bu iki tələbin yerinə yetirilməsi üçün Qoşulmama Hərəkatı konteksində İlham Əliyevin bu məruzəsindən sonra nə kimi addımlar atılsa səmərə verə bilər?
“Hətta Fransanın buna görə bəzi dövlətlərə təzminat ödəməsi də mümkün görünür”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, bundan sonra Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər yalnız birgə və koordinasiyalı fəaliyyət sayəsində səmərəli nəticələr əldə edə bilərlər: “Məlum məsələdir ki, Qoşulmama Hərəkatı sıradan bir təşkilat deyil. Dünyada hardasa 200 müstəqil dövlət var və onlardan 120-si bu hərəkatda təmsil olunur. Bu, çox böyük rəqəmdir. Ona görə də əminəm ki, üzv dövlətlər birgə hərəkət etsə, vahid mövqedən çıxış etsə, Fransa törətdiyi qətliyamlara görə Afrika və Asiya ölkələrindən üzr istəməyə məcbur olacaq. Hətta Fransanın buna görə bəzi dövlətlərə təzminat ödəməsi də mümkün görünür. O cümlədən, əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri geri qaytarılacaq. Yetər ki, ortada vahid mövqe, sistemli yanaşma olsun. Bununla bağlı üzv dövlətlər beynəlxalq hüquqa əsaslanaraq konsepsiya hazırlamalı, beynəlxalq məhkəməyə müraciət edib hüquqi müstəvidə mübarizə aparmalıdılar. Bu nəticə verməyəcəksə, o zaman üzv dövlətlər Fransaya qarşı sanksiya tələbləri ilə çıxış etməlidilər. Bunun üçün də bütün üzv dövlətlərin siyasi iradə nümayiş etdirməsinə zərurət var. Təbii ki, bu, o qədər də asan olmayacaq. Çünki elə dövlətlər var ki, Fransa ilə yaxın münasibətlərə malikdir. Eləsi var, iqtisadi baxımdan Fransadan asılıdır. Fransa qarşısında xarici borc öhdəlikləri olan dövlətlər var və s. O üzdən, Qoşulmama Hərəkatı elə təsir mexanizmi formalaşdırmalıdır ki, Fransa öz müstəmləkə keçmişinə görə həm üzr istəsin, həm də digər məsələlərə əməl etsin. Bütün hallarda, bu iş nə qədər çətin görünsə də, mümkünsüz deyil. Xüsusən də Fransanın beynəlxalq imicinin sarsıldığı indiki dövrdə. Əsas odur ki, üzv dövlətlər bu yöndə siyasi iradə və vahid mövqe sərgiləsinlər”.
Vidadi ORDAHALLI