Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə çoxsaylı vacib məqamlara toxundu. Ölkə başçısının sözlərinə görə, dəfələrlə deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir.
Qərbi azərbaycanlıların hüquqıarının bərpası istiqamətində diaspor təşkilatları müəyyən işlər görməlidir: “İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır”.
“Arxiv məlumatlarına dayanaraq deportasiya edilən soydaşlarımızın hüquqlarının bərpasına beynəlxalq müstəvidə töhvə vermək olar”
Sözügedən məsələlərlə bağlı əslən Qərbi Azərbaycandan olan AMİP sədri Arzuxan Əlizadəyə bir sıra suallar ünvanladıq:
- Qərbi azərbaycanlıların hüquqlarının bərpası yönümündə dünyada diaspor təşkilatları nə kimi töhvələr ortaya qoya bilər? Onların bu işdə nə kimi rolu ola bilər?
- Dünyanın müxtəlif yerlərində çoxsaylı soydaşlarımız yaşayır. O cümlədən, diaspor təşkilatları fəaliyyət göstərir. Hesab edirəm ki, diaspor təşkilatları sistematik olaraq ardıcıl şəkildə Qərbi Azərbaycan həqiqətlərini dünya ictimayətinə çatdırmalıdılar.
- Konkret olaraq necə çatdırmalıdılar?
- Bunu peşəkarcasına, dünyanın qəbul etdiyi formada təqdim etməlidilər. Qərbi Azərbaycanda soydaşlarımızın yaşaması, orada çoxsaylı mədəniyyət abidələrimizin olması ilə bağlı mənbələr var. Həmin mənbələrə istinad etməklə, zaman-zaman onların necə deportasiya olunması, soyqırıma məruz qalması, mədəniyyət abidələrinin məhv edilməsi dünyaya çatdırılmalıdır. Ermənilər İran və Türkiyədən Cənubi Qafqaza, əsasən də Qərbi Azərbaycana köçürülüb. Bu da Rusiyanın imperiya siyasətinin tərkib hissəsi olub. Baxın, 1720-ci ildə Rusiya imperiyası yaradıldı. 1722-ci ildə Rusiyanın Azərbaycana doğru imperiya siyasəti başladı. İlk dövrlərdə bu, uğurlı alınmadı. Ancaq Qacarların zəifləməsindən sonra öz istəklərinə nail oldular. Ərazilərimiz iki yerə parçalandı. Yəni, Qacarların rus imperiyasına məğlub olmasından, Gülüstan və Türkmənçay sazişlərinin imzalanmasından sonra. Əvvəlcə ermənilər buraya köçürülüb. Daha sonra ermənilərə vilayət yaradılıb. Ən nəhayət Qərbi Azərbaycanda erməni dövləti qurublar. Bütün bunlar imperiya siyasətinin tərkib hissəsi idi. Erməni dövləti yaratmaqla bu, başa çatmadı. Sonrakı dövrlərdə Azərbaycan əraziləri hesabına Ermənistan genişləndirildi. Bütün bunlar azmış kimi, azərbaycanlılar mərhələ-mərhələ Qərbi Azərbaycandan deportasiya edildi. Ona görə də diaspor təşkilatları bütün bunları həm dünyaya yaymalıdılar, həm də bunu gündəmdə saxlamalıdılar.
- Bu zaman nələrə diqqət edilməlidir?
- Birinci növbədə bunu dünyanın anlayacağı dildə təqdim etməyi bacarmalıyıq. Bu da diaspor işinin düzgün qurulmasından, ortaya iş qoymaqdan keçir. Əfsuslar olsun ki, bu vaxta qədər Qərbi Azərbaycanda baş verən faciələr diasporun timsalında düzəməlli dünyaya təqdim olunmayıb. Necə deyərlər, biz deyib, biz eşitmişik. Ona görə də Qərbi Azərbaycan həqiqətləri məsələsində diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə telekanallarla işləməlidilər. Çap mediası ilə bununla bağlı işlər qurulmalıdır. Arxiv məlumatlarına dayanaraq oradan deportasiya edilən soydaşlarımızın hüquqlarının bərpasına beynəlxalq müstəvidə töhvə vermək olar. Çalışmalıdılar ki, dünyanın müxtəlif yerlərində sərgilər keçirilsin. O sərgilərdə Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri əks etdirən nümunələr nümayiş olunmalıdır. Bütün bunlar səbir və böyük zəhmət tələb edir. Yetər ki, diaspor təşkilatlarımız bu işdə fəal iştirak etsinlər, bir-biri ilə intiriqalara getməsinlər.
Vidadi ORDAHALLI