İdmanın həm də böyük siyasət olduğunu deyənlər zərrə qədər də olsun yanılmırlar. Bu vasitə ilə ölkələr özünü reklam edir, tanıdır. Təsadüfi deyil ki, hər bir ölkə mötəbər idman tədbirlərinin öz ölkəsində keçirilməsi uğrunda mübarizə aparır, hətta bunun üçün milyardlarla pul xərcləyir.
Belə yarışlarda həm də ölkələrə olan münasibət kənardan yaxşı sezilir. Məsələn, üçüncü tərəfi təmsil edən neytral bir tamaşaçı iki yarışan ölkədən birinə bir sıra amillərə görə azarkeşlik edir. Bura yaxın qonşuluq, din, dil birliyi və başqa amillər daxildir. Mən inanmıram ki, Türkiyə hansısa başqa bir ölkənin komandası ilə prinsipial bir matç keçirsin və Azərbaycan əhalisinin böyük əksəriyyəti qardaş ölkəyə azarkeşlik etməsin.
Hazırda Qətərdə keçirilən və artıq çempionu bəlli olan futbol üzrə dünya çempionatında nə bizim özümüzün, nə də Türkiyənin komandası təmsil olunurdu. Buna baxmayaraq, ölkə əhalisi kimə azarkeşlik edəcəyini çox yaxşı bilirdi. Vətəndaşlarımızın bu seçimində isə, futboldan daha çox, siyasi çalarların da olduğu nəzərə çarpır.
Məşhur italiyalı mütəxəssis Klaudio Ranyerinin dünya çempionatının yarımfinal mərhələsinin Fransa-Mərakeş oyununu dəyərləndirməsində səsləndirdiyi maraqlı fikir diqqətimi cəlb etmişdi. Təcrübəli məşqçi Fransadan başqa bütün dünyanın Mərakeşə azarkeşlik etdiyini demişdi.
Sizcə niyə? Çünki Fransa uzun illər Mərakeşi öz müstəmləkəsi kimi çapıb-talayıb. Böyük əksəriyyət isə hər zaman güclünün yox, haqqı tapdananın yanında olur. Dünənki finalda yenə Fransa yarışırdı. Bu dəfə onun rəqibi Cənubi Amerika qitəsinin təmsilçisi olan Argentina idi. Çox maraqlıdır ki, budəfəki durum, demək olar, bütün Azərbaycanın anti-Fransa mövqeyində olduğu təsirini bağışlayırdı. Sual yaranır: gözəl futbol oynamağı bacaran Fransanın Azərbaycandakı kifayət qədər azarkeşi niyə gözə dəymirdi? Doğrudan da, bundan əvvəlki turnirlərdə biz Fransaya azarkeşlik edən çoxlu sayda vətəndaşımızı görürdük. Onlar hara getdilər? Əslində heç yerə! Həmin vətəndaşlarımız yenə öz yerlərindədir, sadəcə, Fransa dövlət başçısının bizə qarşı yürütdüyü qərəzli siyasətə görə onu dəstəkləmirlər. Bu azarkeşləri isə Fransanın əlindən Makron alıb. Əslinə qalanda, Fransa ilə bizim çoğrafi yaxınlığımız Argetinadan qat-qat üstündür. Həm də Fransa ilə bizim aramızda başqa sahələr üzrə də daha yaxın münasibətlər olub. Lakin Makron daha çox ermənipərəst olmağı ilə öz ölkəsinin imicinə ağır zərbə vurdu. Dünənki finalda Makron şəxsən stadionda idi. Finalı canlı olaraq izləyirdi. Həyəcandan, hətta paltarını da soyundu, amma xeyri olmadı... Sosial şəbəkələrin Azərbaycana aid seqmentində əsl toy-bayram idi. Ermənistan isə “doğma bacısı”nın yasını saxlayırdı. Əsl ağlaşma qurmuşdu. Sanki uduzan Fransa deyil, Ermənistanın özü idi...
Təbii, artıq gecdir, oyunun nəticəsini dəyişmək olmaz. Ancaq Fransa öz siyasətini dəyişə bilər və bunu mütləq etməlidir. Belə hadisələr onun üçün həm də nüfuzunu ölçən cihaz rolunu oynamalıdır. Çünki belə gedərsə, Makron Fransanı bütün dünya ilə düşmən edəcək. Makron əbədi olaraq Fransa dövləti demək deyil. Nə vaxtsa o, vəzifəsi ilə vidalaşmalı olacaq. Ancaq Fransa dövləti yerində qalacaq. Buna görə də, böyük imperiyaların varisi olmuş bir ölkənin nüfuzunu istədiyi kimi xərcləməyi Fransa dövləti ona qadağan etməlidir. Mən hələ indiyə qədər Azərbaycanın Fransaya etdiyi digər vacib jestlərdən danışmıram. Cənab Makron, stadionda soyunmaqla ölkə nüfuza minmir, gərək həm də ədalətli olasan ki, sənə də dəstək olsun…
Məhəmmədəli QƏRİBLİ