Azərbaycan parlamenti “Siyasi partiyalar haqqında” Qanunu qəbul etdi. Uzun müddət müzakirə olunan, respublikada fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti tərəfindən dəstəklənən qanun layihəsi bəzi siyasilər tərəfindən narazılıqla qarşılandı. Qanun layihəsinə cəmiyyətin müxtəlif qrupları tərəfindən bu qədər əhəmiyyət verilməsinin, bir-birindən kəskin şəkildə fərqlənən münasibət göstərilməsinin kökündə nə durur?
Hər şeydən əvvəl qeyd olunmalıdır ki, siyasi partiyalar müstəqilliyə təzəcə qədəm qoymuş dövlətlərin formalaşmasında, inkişafında mühüm rol oynayan qurumlardır. Bölgələrdə güclü strukturları, mərkəzi aparatı, kadr bazası, maliyyə imkanları olmayan siyasi partiyaların öhdələrinə düşən son dərəcə vacib vəzifələrin icrasını təmin etməsi mümkünsüzdür. Məhz bu səbəbdən Azərbaycan prezidenti cənab İlham Əliyev son illər respublikada fəaliyyət göstərən siyasi təşkilatların güclənməsinə xidmət edən ardıcıl addımlar atır. Prezident administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, onların böyük əksəriyyətinin qərargahlarla təmin olunması, Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalif siyasi partiya nümayəndələrinin təmsil olunması bu istiqamətdə atılan mühüm addımlardan sayılmalıdır.
Bu baxımdan, parlamentin yenicə qəbul etdiyi “Siyasi partiyalar haqqında Qanun”un Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafına öz töhvəsini verəcəyi şübhə doğurmur. Bu qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya çıxmasına imkan verəcəkdir. Açıq etiraf etmək lazımdır ki, bu qanunun qəbulundan sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaqdır. “Kiçik olsun, mənim olsun” düşüncəsi ilə partiya yaradan və rəhbərlik etdiyi partiyadan yalnız özünün reklamı üçün istifadə etməyə çalışan siyasi liderlər yanaşmalarını dəyişmək məcburiyyətində qalacaqlar. Onlar da, nəhayət, anlamaq məcburiyyətində qalacaqlar ki, güclü kadr bazası, yerli strukturları olmayan partiyalar dövlətə və xalqa tələb olunan qədər xeyir verə bilməzlər. Unutmaq olmaz ki, bu gün müxalifətdə olan partiyalar nə vaxtsa hakimiyyətə gəlməyə namizəd olan siyasi qurumlardır. Bu səbəbdən hər bir siyasi partiyanın müxtəlif sahələr üzrə proqramları və təbii ki, bu proqramları hazırlayan və onların icrasını təmin edən kadr bazası olmalıdır. Siyasi partiya hakimiyyətə gəldikdən sonra kadr axtarışına çıxmamalı, əvvəlcədən zəruri hazırlıqlarını görməli, hakimiyyət yükünü öz üzərinə götürməyə hazır olmalıdır.
Çox təəssüf ki, bu gün Azərbaycanda Yeni Azərbaycan partiyasından başqa hakimiyyət yükünün, hakimiyyət məsuliyyətinin altına girməyə qadir olan siyasi partiya yoxdur. “Siyasi partiyalar haqqında”yeni qanunun qəbulu ilk növbədə hakimiyyətin bu vəziyyətdən keçirdiyi narahatlıqla bağlıdır. Ümid edirik ki, qanunun qəbulundan sonra partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət baçlayacaq. Qarşıdan gələn bələdiyyə, parlament və prezident seçkiləri ərəfəsində Azərbaycanda bir neçə ciddi siyasi partiya formalaşaq. Bu proseslərdə son nəticədə qazanan isə dövlətimiz, xalqımız və cəmiyyət həyatında sanballı çəkisi olan siyasi partiyalar olacaq.
Abutalıb SƏMƏDOV