Məlum olduğu kimi, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Qeyd edək ki, artıq çoxlu sayda mülki vətəndaş ermənilərin basdırdığı minaların qurbanı olur.
Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfərin minaya düşməsi və onlardan birinin şəhid olması hadisəsi göstərir ki, Ermənistanın mina terroru hələ davam edir. Təəssüf ki, dünya buna səssiz qalır.
“Müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, baş verən sonuncu hadisə ciddi bir siqnal olmalıdır. Aradan iki il vaxt keçməsinə baxmayaraq, insanlar hələ də minalardan əziyyət çəkir. Nəticədə mülki vətəndaşlar minaların qurbanı olur: “Aidiyyəti beynəlxalq qurumlar məlum hadisəyə təcili reaksiya verməlidirlər. Insanlar minaların qurbanı olur. Buna biganə qalmaq olmaz. Təəssüf ki, bu məsələyə reaksiya verməli olan beynəlxalq təşkilatlar neçə gündür ki, anti-Azərbaycan təbliğatı aparırlar. Dekabrın 14-ü “Freedom House” təşkilatı Azərbaycanı Qarabağdakı erməniləri blokadaya almaqda ittiham etdi. Təbii ki, Azərbaycan tərəfi onlara lazımi cavabı verir. Ancaq görünən odur ki, anti-Azərbaycan təbliğatı tam gücü ilə davam edir. Hesab edirəm ki, dövlət qurumları və Vətəndaş Cəmiyyətindəki fəallar bu məsələnin daha geniş şəkildə dünyaya tanıdılmasında mümkün olanı etməlidirlər. Çünki başqa yol yoxdur. Nəzərə almaq lazımdır ki, bizim özümüzdən başqa özümüz üçün iş görəcək şəxs yoxdur. Bu işdə nə etmək lazımdırsa hamısı edilməlidir”.
Ekspertin sözlərinə görə, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib: "Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, verilmiş xəritələrin dəqiqliyi isə cəmi 25 faizdir. Onlar dəqiq xəritəni verməkdən imtina edirlər. Erməni hökuməti onlarda dəqiq xəritənin olduğunu etiraf etsə də, vermir və bunu siyasi şantaj predmetinə çevirir. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyinin bariz nümunəsidir".
A.Həsrət hesab edir ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Bu bir daha sübut edir ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təpkilər göstərməlidir.
Günel CƏLİLOVA