12 noyabrda xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib. Nazirlərin görüşündə Avropa ölkələrinin, eləcə də Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın xarici işlər nazirləri toplaşıb.
“Şərq Tərəfdaşlığı” ilə bağlı Prezident İlham Əliyevin prinsipial mövqeyi var. Bu günlərdə ölkə başçısı bununla bağlı qeyd edib ki, “Şərq Tərəfdaşlığı” ölkələri arasında fikir ayrılıqları, fərqlilik daha da dərinləşib. Onların bəziləri Avrasiya İqtisadi İttifaqında təmsil olunur, bəziləri Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb: “Şərq Tərəfdaşlığı”nın altı üzv dövlətinin hər birinin fərqli geosiyasi prioritetləri, fərqli coğrafiyası var və fərqli vəziyyətlərdədir. Onlardan ikisi - Azərbaycan və Ermənistan müharibə vəziyyətində idi. “Şərq Tərəfdaşlığı”nın üzvü olan altı dövlətə indi nəzər salsanız, siz həmin ölkələr arasında əvvəlkindən də daha böyük fərqlər görəcəksiniz. Biz yeganə ölkəyik ki, “Şərq Tərəfdaşlığı”nda bütün hədəflərimizə nail olduq və müstəqil siyasətimizi davam etdirdik”.
Diqqəti çəkən məqam odur ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın üzləşdiyi bir sıra problemlər yekun sənəddə öz əksini tapmadı. Buna hansısa münasibət bildirilmədi. Ərazilərimizin kütləvi şəkildə minalanmasına toxunulmadı. Baxmayaraq ki, xarici işlər naziri Ceyhun Bayramov çıxışında bu məsələni qaldırdı, amma “Şərq Tərəfdaşlığı”nın sənədlərində bu yoxdu. Həmçinin sərhədlərin delimitasiyasına Ermənistanın törətdiyi maneçilik barədə heç nə deyilmədi. Sərhəddə Ermənistanın atəşkəsi pozmasına toxunulmadı. Sülh sazişinin mətninin hazırlanması ilə bağlı dekabrın 7-də nəzərdə tutulan danışıqların Ermənistanın günahı üzündən pozulmasından heç bəhs edilmədi. İndiyə qədər imzalanmış sənədlərin icrası yönümündə Ermənistanın pozuculuq fəaliyyətinə heç bir reaksiya verilmədi.
Maraqlıdır, “Şərq Tərəfdaşlığı”nın belə passiv mövqe sərgiləməsi qarşılığında orada bizim iştirakımız vacibdimi? “Şərq Tərəfdaşlığı”nın Azərbaycanın və bütün bölgədə sülhün marağında olan məsələlərə belə passiv mövqeyi nə ilə bağlıdır?
“Biz nə “Şərq Tərəfdaşlığı”ndan, nə də digər qurumlardan ədalət gözləməliyik”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimlinin fikrincə, bütün bunlar Azərbaycana münasibətdə illərdir sərgilənən ikili yanaşmanın davamıdır: “Hər zaman olduğu kimi, yenə də Azərbaycanın üzləşdiyi problemləri görməzdən gəlirlər. Daxildəki problemləri qabardıb bundan ölkəmizə qarşı alət kimi istifadə edirlər. Avropa İttifaqı və onun qurumları ərazilərimiz işğal altında olanda konkret mövqe ortaya qoymadılar. İndiki yanaşma da bu münasibətin davamıdır. Ona görə də burada təəccüblü nəsə görmürəm. Yəni alışdığımız bir mənzərədir. Bu baxımdan biz nə “Şərq Tərəfdaşlığı”ndan, nə də digər qurumlardan ədalət gözləməliyik. İslahatları davam etdirməliyik, Ermənistanla olan sərhədləri möhkəmləndirməliyik. İqtisadiyyatı, siyasəti güclü olan ölkə ilə istənilən Avropa ölkəsi hesablaşacaq. Azərbaycan qaz ixrac edir deyə Avropa İttifaqı bizim mövqeyimizi nəzərə almayacaq. Biz özümüz hər zaman güclü olmalıyıq. Maraqlarımıza uyğun deyilsə, o zaman Azərbaycanın “Şərq Tərəfdaşlığı”nda iştirakına yenidən baxıla bilər. Biz nə Rusiyaya, nə də Avropaya baxmadan öz işimizi görməliyik”.
Bir sözlə, sədr müavini hesab edir ki, Azərbaycan ardıcıl olaraq bu məsələlərin üzərinə getməlidir.
Vidadi ORDAHALLI