Köhnə və etibarlı dostumuz Bülənd Uğur bəylə uzun illərdən sonra “Bakı-Xəbər”in redaksiyasında yenidən görüşdük. Qəfil gəldi, "Aydın bəyi bir daha ziyarət etmək istədim" dedi.
Hələ illər öncə qardaş Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri olaraq redaksiyamıza ilk gəlişini bir daha xatırladıq. Olmayan yerdə 16-17 il ötür. Onda Bülənd bəy də, bizlər də, baş redaktorumuz Aydın Quliyev də daha gənc idik.
Bülənd bəyin gəlişinə hamılıqla sevindik. O bütün redaksiyamızın dostudur. Bakıda diplomat kimi çalışanda çox qısa müddətdə özünü redaksiyamıza hamılıqla sevdirə bilmişdi.
Çox xoş oldu ki, Bülənd bəyin diplomatik işdən ayrılandan sonra şəxsi yaradıcılıqla məşğul olduğunu, bir neçə kitab yazdığını da öyrəndik.
Baş redaktorumuz Aydın Quliyevə öz yeni kitabını hədiyyə etdi. Aydın Quliyev dostcasına "Bülənd bəyin qəzetəçilikdən diplomatiyaya, oradan isə yaradıcılığa keçidi eyni dərəcədə uğurludur, çünki Bülənd bəy istedadlı şəxsiyyətdir" dedi...
Yolun və yaradıcılığın daha uğurlu olsun, dəyərli dostumuz Bülənd bəy Uğur...
İradə SARIYEVA