Vardanyan Xankəndiyə, Fərhad Əhmədov Bakıya - arxadan nələr çıxacaq...

Qabil Hüseynli: “Öz qonşuları ilə yola getməyən ölkədən nə desən gözləmək olar”

img

İki gündür milyarder Fərhad Əhmədovun “Rusiyaya casusluq etdiyi üçün saxlanılması” haqda təsdiqlənməmiş iddiaların  dövriyədə olması bu məşhur şəxsi yenidən  gündəmə gətirib.

Maraqlıdır, illərlə  Rusiyada yaşayıb-işləyən və milyardları da orada qazanan Fərhad Əhmədov hazırda niyə Azərbaycandadır?

Bu prosesin paralel olaraq erməni əsilli milyarder Vardanyanla bağlı bənzərliyi suallar doğurur: Rusiya milyarderlər kartını yenidən gündəmə gətirib?

Azərbaycan əsilli milyarder Fərhad Əhmədov son vaxtlar demək olar ki, Azərbaycanda yaşayırmış. Erməni əsilli milyarder Vardanyan da Rusiyanı atıb Qarabağa köçüb. Hər iki milyarder Rusiyada varlanıb, işlərinin böyük hissəsi ordadır. Onların, demək olar ki, eyni vaxtda Rusiyanı tərk etməsi Moskvanın vahid planının tərkib hissəsi ola bilərmi? Vardanyanın missiyası bəllidir, bəs Fərhad Əhmədovdan nə istənilə bilər? Fərhad Əhmədovun  atası Heydər Əliyevin dönəmində dövlət əmlakını taladığına görə həbs edilərək, gülələnməyə məhkum edilib. Ola bilərmi ki, Moskva onu həm də qisas zəminində Azərbaycan hakimiyyətinə qarşı istifadə etsin?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, xəbərlərin rəsmən təkzib edilməməsi ciddi mətləblərdən xəbər  verir:

“Fərhad Əhmədovla bağlı səslənən ittihamları istisna etmək olmaz. Bu şəxsin son vaxtlar Azərbaycanda olması  maraqlı görünür. Moskva onunla bağlı istənilən kartdan istifadə edə bilər. Onun ailəsinin tarixində Azərbaycanla bağlı hansısa problemlər olubsa, Risiya bu amili nəzərdən qaçıra bilməz. O, həm də Rusiya Senatının üzvü olub. Yəni Rusiyanın hakimiyyət orqanlarına bağlı olan adamdır. Onun Azərbaycanda elə bir böyük biznes şəbəkəsi yoxdur ki, burda yaşamaq məcburiyyətində olsun. Onun DTX tərəfindən dindirilməsi ciddi mətləblərdən xəbər verir.  Dünyanın hər yerində suyu bulandırmağa çalışan Rusiya kimi ölkənin vətəndaşı hər cür tapşırıq ala bilər. Rusiya hazırda Azərbaycana qarşı hər cür pozuculuq işlərini görür. Bu ölkə çox təhlükəlu dona girib. Putinin məhz Ermənistandan İlham Əliyevə zəng etməsi göstərir ki, Moskva bölgəni əldən vermək istəmir. Qərbin burada möhkəmləməsinə qarşıdır. Buna görə də lazım olan bütün addımları atmaq niyyətindədir. Öz qonşuları ilə yola getməyən ölkədən nə desən gözləmək olar”.

Fərhad Əhmədovun bioqrafiyasına bir daha nəzər salaq:

Fərhad Teymur oğlu Əhmədov – 15 sentyabr 1955-ci ildə Bakıda anadan olub. Əslinin Zəngəzura gedib çıxdığı bildirilir. Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Atası Teymur Fərəc oğlu Əhmədovun son iş yeri tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv Zavodunun direktoru vəzifəsi olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs edilib və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub (dəfn olunduğu yer 2012-ci ildə tapılıb).

Atasının həbsindən sonra F.Əhmədov 1971-ci ildə - on beş yaşında Azərbaycanı tərk edərək Moskvaya köçüb. Özünün dediyinə görə, Bakıdan gedərkən cəmi 48 manat pulu və minimal rus dili biliyi var idi. O, Moskvada 85 nömrəli texniki-peşə məktəbinə (çilingər-montajçı) daxil olur və məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Həmin vaxtdan da Rusiyada yaşayır.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər