Ermənistan Baş naziri sülh sazişinin imzalanmasını ləngitmək üçün növbəti təxribata əl atıb və tərəflər arasında müəyyən fikir ayrılığını bəhanə gətirərək hələlik Ermənistan və Azərbaycan arasında “çərçivə sazişi” imzalamağı təklif edib. Paşinyanın dediyindən belə çıxır ki, Azərbaycanın təklif etdiyi layihədə razılaşdırılması mümkün olamayan məqamlar var. Bu səbəbdən iddia edir ki, həmin müddəaları təklif olunan sülh sazişindən çıxarıb, ilkin olaraq müəyyən çərçivə sazişi imzalamaq olar.
Ancaq nədənsə əlavə izahat vermək “əziyyətinə” qatlaşmayaraq Ermənistanı Azərbaycanın irəli sürdüyü təkliflərdə nəyin qane etmədiyini açıq bildirmir. Sülh sazişinin “Vaşinqton variantı”nda (ermənilər ona “Azərbaycan variantı” deyirlər) Rusiyanı nəyin qane etmədiyini bilirik. Rusiya Prezidenti bu barədə “Valday” forumundada bəyanat verib dedi ki, “əgər Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyırsa, biz buna etiraz eləmirik”. Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıması Praqa sənədində öz əksini tapıb. Soçidə, də eyni sənəd imzalandı. Ona görə də V.Putinin bəyanatının təxribat xarakteri daşıdığı və erməni cəmiyyətini Paşinyana qarşı qaldırmaq məqsədi güddüyü heç kimdə şübhə doğurmur.
İndi Paşinyan da açıq şəkildə deməlidir ki, hansı məsələ Ermənistanı qane eləmir və o məsələləri saziş layihəsindən çıxarıb ortaya hansı çərçivə sazişi qoymaq istəyir. Azərbaycanın qırmızı xətti Qarabağla bağlıdır. Sülh sazişində Qarabağ ifadəsi keçməməlidir və Qarabağ barədə Azərbaycanın Ermənistanla danışmayacağını hamı bilməlidir. Suverenliyimizi tanıyıbsansa ərazimlə bağlı iddia irəli sürməyin, hər hansı məsələyə müdaxilə etməyə çalışmağın qeyri-mümkündür. Azərbaycanın bu mövqeyi tamamilə düzgündür və hamı tərəfindən müdafiə olunmalıdır.
İnanmıram ki, ermənilərin çox güvəndiyi ABŞ Ermənistanın bu mövqeyini dəstəkləsin. Görünür bunu bildiyindən Ermənistan indi Rusiyaya sığınmağa şalışır. Ancaq Ukrayna müharibəsi bölgədə qüvvələr nisbətinə ciddi təsir göstərib. Rusiyanın bölgədən çıxarmaq üçün real şərait yaranıb və ABŞ bundan istifadə etmək istəyir. Bu səbəbdən Paşinyanın irəli sürdüyü bu “çərçivə sazişi” ideyası nə ABŞ, nə Aİ tərəfindən yəqin ki, dəstəklənməyəcək”.
Abutalıb SƏMƏDOV