“Geosiyasi imkanlarımız artdıqca ölkə maraqları daha da dolğun şəkildə təmin edilir”. Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib: “Bu gün dünyada gedən proseslər bunu göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir. Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Bizim üstünlüyümüz, əlbəttə, ondadır ki, təbii sərvətlərimiz var. Amma o qədər ölkələr var ki, onların təbii sərvətləri bizimkindən qat-qat çoxdur. Lakin, - mən heç kimlə müqayisə aparmaq istəmirəm, - o sərvətlərdən bütünmü ölkələr səmərəli şəkildə istifadə edir? Əlbəttə ki, yox. Ona görə Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. Eyni zamanda, neft-qaz layihələrimiz bizim beynəlxalq mövqelərimizi də gücləndirdi. Çünki xüsusilə indiki şəraitdə, bugünkü gündə Azərbaycanın infrastrukturu, nəqliyyat, enerji infrastrukturu bir çox ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Əlbəttə ki, geosiyasi imkanlarımız artdıqca ölkə maraqları daha da dolğun şəkildə təmin edilir, müxtəlif qitələrdə bizim dostlarımızın sayı artır”.
“Bu isə ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, iqtisadi maraqlar siyasi maraqların təmin olunmasının fövqündə dayanır: “Bu, tarixən belə olub. Əsas odur ki, ölkənin başında duran şəxs bütün bunları düzgün dəyərləndirə bilsin. Azərbaycanın bəxti gətirdi ki, İlham Əliyev ölkə prezidenti seçildi. Onun praqmatik siyasəti, dünyada gedən siyasi-iqtisadi prosesləri düzgün dəyərləndirməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Həqiqətən də son iki ildə Azərbaycanın dünyada geosiyasi rolu əhəmiyyətli dərəcədə artıb. Bu isə ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Azərbaycanın Avropanın enerji təchizatında rolu, etibarlı tərəfdaş olması, artan tranzit imkanları son dövrlər yeni situasiya yaradıb. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, Asiya ilə Avropa arasında ən etibarlı körpü Azərbaycandır. Azərbaycansız regionda heç bir enerji, nəqliyyat layihəsi reallaşa bilməz. Avropa ölkələri daha çox Azərbaycandan qaz idxal etməyə can atırlar. Bu da son nəticədə ölkəmizin tərəfdarlarının artmasına səbəb olur”.
Vidadi ORDAHALLI