Tanınmış iş adamı Fərhad Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Bu iddia ilə ölkənin bir çox tanınmış media resursları çıxış edib.
Bildirilir ki, bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb. Milyarder Fərhad Əhmədovun Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanıldığı qeyd olunur. Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib. Saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb. İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb. Hazırda iş adamının barəsində istintaq davam edir.
Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün “Forbes”də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.
Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.
Onun saxalanılması ilə bağlı səslənən versiyaların sırasında şəhid polkovnik Babək Səmidlinin səs yazısının yazılması və paylaşılmasının məhz milyarder tərəfindən edilməsi ilə bağlı məqamlar da öz əksini tapır. Bu tam təsdiqini taparsa, deməli, Fərhad Əhmədov doğrudan da ölkədə təxribatla məşğul olub. Mərhum Səmidli ilə onun yaxın münasibıtlərinin olduğu isə dəqiqdir. Əvvəla, hər ikisi əslən Göyçay rayonundandır. İkincisi , 44 günlük müharibə dönəmində Fərhad Əhmədovun orduya yardım göstərmək adı ilə məhz Səmidlinin xidmət sahəsindən ön xəttə olduğuna dair çoxsaylı videolar və fotolar paylaşılıb.
Rusiyanın milyarderlərdən bir təzyiq kartı kimi istifadə etməsi heç kimə sirr deyil.
2013-cü ildə Kremlin planı əsasında yaradılan “Milyarderlər İttifaqı”, hazırda erməni əsilli milyarder Vardanyanın konkret fəaliyyət planı əsaslnda instruktaj edilərək Qarabağa göndərilməsi də bu qəbildən olan hadisələrdi.
Hüquqşunas Şəmsəddin Əliyev bu hadisə ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca həssas bir mövzudur: “Bilirsiniz ki, hazırda regionla bağlı ciddi proseslər gedir. Bizə müxtəlif vasitələrlə təzyiqlər edilir. Mən öz adımdan DTX-ya təşəkkür edirəm ki, çox böyük profesionalıqla ölkəmizə qarşı yönələn təxribatların qarşısını alırlar. Fərhad Əhmədovla bağlı yayılan xəbərlərlə mən də tanışam. Diqqət çəkən budur ki, 30 illik işğal dönəmində Fərhad Əhmədovun orduya yardım etdiyini görməmişik. 44 günlük müharibə dönəmində onun xüsusi fəallığını gördük. Hətta şəxsən özü cəbhədə olurdu. Azərbaycan əsilli milyarderlə bağlı görülən tədbirlər ciddi məqamlardan xəbər verir. Kifayət qədər ciddi media nümunələrində yayılan bu xəbərin təkzib edilməməsi iddiaların əsaslı olması qənaətini yaradır.
Dövlətimizin daxili və xarici təhlükəsizliyi üçün belə tədbirlərin görülməsi olduqca əhəmiyyətlidir. Belə addımlar həm də digər bədnam niyyətli şəxslər üçün də görk rolunu oynayacaq. İmkanlı olmaq heç də toxunulmaz olmaq anlamına gəlmir. Bizim soydaşlarımız çalışmalıdırlar ki, vətənə sədaqət ruhunda davranışı qarşılarına məqsəd qoysunlar. Düşünürəm ki, burada Rusiya amili var. Çünki bizim milyarderlərdən hər zaman dövlətimizə təzyiq vasitəsi kimi istifadə etməyə çalışıblar. Babək Səmidli ilə bağlı səslənən versiyaları da ağlabatan sayıram. Belə bir adamın Rusiya xüsusi xidmət qurumları tərəfindən “verbovka” oluna biləcəyini istisna etmirəm. Gəlin bir qədər tələsməyək. Aparılan istintaqın yekunlarını gözləyək. Mətbuatda yayılan rəylərlə Fərhad Əhmədovun davranışlarındakı bızi məqamlar tam üst-üstə düşür. Yəqin ki, aparılan araşdırmaların yükununda hər şey bəlli olacaq”.
Məhəmmədəli QƏRİBLİ