Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) noyabrın 23-də İrəvanda sessiyası keçiriləcək.
Tədbirdə Ermənistan baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğız prezidenti Sadır Japarov, Rusiya prezidenti Vladimir Putin, Tacikistan prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək.
Ermənilərin, xüsusən də revanşist müxalifətin sözügedən tədbirdən gözləntiləri böyükdür. Ancaq KTMT tədbirinə bir gün qalmış Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov hansısa gözləntilərə qapılmağın mənasız olduğu mesajını verdi. K.Kosaçov “Arqumentı i faktı” qəzetinə müsahibəsində açıq şəkildə bəyan etdi ki, Ermənistan qurumdan kömək gözləməsin: “İrəvan nə Rusiyadan, nə də KTMT-dən kömək gözləməməlidir, çünki Ermənistanla Azərbaycan arasında münaqişə təşkilatın səlahiyyətlərinə aid deyil. KTMT-yə üzv olan ölkələrin hər biri bu münaqişəyə öz münasibətini müstəqil şəkildə müəyyənləşdirir. Bizim səylərimiz hər iki tərəf üçün eyni dərəcədə olmalıdır. Başqa cür mümkün deyil. Vəziyyət ancaq bu şəkildə inkişaf edə bilər. Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək mövqeyindən çıxış etmək onu daha da gərginləşdirmək deməkdir”.
Erməni tərəfi Kosaçovun statusunu nəzərə alaraq bunu bütün KTMT-nin rəsmi mövqeyi kimi qəbul edir. Bu səbəbdən çox məyusdular. Erməni mediası yazır ki, bununla Kosaçov qarşıdan gələn sammitin əbəs olduğunu bəyan etdi. Çünki rusiyalı siyasətçi Ermənistana açıq şəkildə “siz KTMT-dən kömək görməyəcəksiniz” deyir.
“Məsələnin daha maraqlı tərəfi ondan ibarətdir ki, Rusiya dövlətinin Cənubi Qafqazda apardığı siyasətin əksinə olaraq...”
Məsələyə münasibət bildirən Azərbaycan Kommunist Partiyası MK-nın sədri Rauf Qurbanovun fikrincə, Ermənistan hakimiyyəti İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonrakı dövrdə də bütün vasitələrdən istifadə edərək Rusiya Federasiysını Azərbaycan-Ermənistan münaqişəsinə cəlb etmək istəyir: “Məlum məsələdir ki, regionda qərbyönümlü siyasət aparan Ermənistanın əsas məqsədi sponsorlarının tapşırıqlarını yerinə yetirməkdir. Yəni Ukraynada, Rusiya-NATO qarşıdurmasının qaynar fazasında Rusiya üçün Cənubi Qafqazda ikinci cəhbə açmaqdır. Bunu da Rusiyanın istər siyasi, istərsə də hərbi dairələri çox yaxşı başa düşür. Ermənistan KTMT üzvü olmağından istifadə edərək Azərbaycanla sərhəd zolağında müxtəlif təxribatlar törədir. Bununla da KTMT –yə üzv olan dövlətləri, xüsusilə də Rusiyanı Qarabağ probleminə hərbi müdaxilə etməyə sövq edir. Bu yaxınlarda məhz bu məsələ ilə əlaqədar Belarus prezidenti Lukaşenko erməni həmkarını ciddi tənqid etdi. Paşinyana xoşagəlməz hərəkətlərdən çəkinməyi məsləhət gördü. Məsələnin daha maraqlı tərəfi ondan ibarətdir ki, Rusiya dövlətinin Cənubi Qafqazda apardığı siyasətin əksinə olaraq, həmin dövlətdə erməni əsilli müxtəlif yüksək vəzifələrdə təmsil olunan şəxslər və o cümlədən böyük maddi imkanlara malik olan erməni lobbisi də Rusiyanın Qarabağ probleminə hərbi müdaxiləsində maraqlıdır. Bu da Rusiyaya qarşı olan dövlətlərin dəyirmanına su tökmək və Rusiya dövlətinə qarşı ermənilərin növbəti xəyanətidir”.
R.Qurbanov qeyd etdi ki, ermənilər bütün tarix boyu başqa güclü dövlətlərin imkanlarndan istifadə edərək öz arzularını reallaşdırmağa çalışıblar: “Tarixin müəyyən anlarında onlar istədiklərinin bir hissəsinə qismən də olsa nail ola biliblər. Ancaq bu gün nədənsə Putinin hakimiyyətdə olduğu dövrdə ermənilərin Rusiya ilə bağlı arzuları alınmır. Artıq onların əsrlər boyu davam etmiş xəyanətlərinin detalları üzə çıxır, erməni saxtakarlığının və riyakarlığının konturları tam aydın görsənir. Bütün bunlar Ermənistan dövlətinin necə etibarsiz, qeyri-səmimi müttəfiq olduğunun bariz nümunəsidir. Bu baxımdan da KTMT tədbirinə bir gün qalmış Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçovun “Arqumentı i faktı” qəzetinə vermiş olduğu müsahibədə ermənilərlə əlaqədar mövqeyi başadüşüləndir”.
Vidadi ORDAHALLI