Ermənistanın baş naziri Nikol Paşinyan Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Hər zaman olduğu kimi, bu dəfə də keçirilən görüşlərdə Azərbaycanın ünvanına həqiqətə uyğun olmayan fikirlər səsləndirib. Erməni mediası da bu görüşləri təhrifedivci formada təqdim edir.
Məsələn, Paşinyan Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Kanadanın baş naziri Castin Tryudonla keçirdiyi görüşləri öz fikirlərinə şərik qoşmağa çalışdı. Rəy yaradır ki, guya ikitərəfli görüşdüyü bu adamlar da onun Azərbaycan barədə dedikləri ilə razılaşıblar. Hər halda, Paşinyanın İrəvandakı media qurumları məlumatları bu ruhda təqdim edirlər. Erməni mənbələri yazır ki, Paşinyan Ş.Mişelə və Kanadanın baş nazirinə “Azərbaycanın sentyabrda süveren Ermənistana təcavüz etdiyini və onun ərazilərini bugünədək nəzarətdə saxladığını” deyib. Bəs Mişel və Tryudo nə cavab veriblər? Erməni mediası, təbii ki, bu barədə heç nə yazmır, heç eyham da vurmurlar. Çox aydın texnologiyadır, xəbəri bu cür yaymaqla erməni "obıvatelində" rəy yaratmaq istəyirlər ki, guya Mişel də,Tryudo da Paşinyanla razılaşıblar. Əslində isə biz Kanadanın baş naziri Tryudodan bunu gözləsək də, Şarl Mişelin belə "kobud oynadığı" inandırıcı gəlmir. Yəni Mişel prosesin fəal iştirakçısı kimi heç vaxt Azərbaycanın təcavüz etməsi ilə bağlı Paşinyanın fikirlərini qəbul etməz. Hər halda, cənab Mişel erməni mənbələrinin birtərəfli xəbərçiliyinə reaksiya verməli və şübhələrə son qoymalıdır ki, "tərəfsiz moderatordu". Çünki erməni mediası hətta bu məsələdə böyük məsuliyyət daşıyan beynəlxalq instansiyaların mövqeyini də saxtalaşdırır. Belə şəraitdə həmin o instansiyaların məsələyə həqiqi reaksiyası qaranlıq qalır. Niyə Azərbaycan auditoriyası Mişelin Paşinyana hansı reaksiya verməsi barədə məlumatsız olmalıdır? Bəlli məsələdir ki, erməni mediası yalan məlumat yayır. Ancaq bu kimi elə məsələlər var ki, orada erməni yalanının geniş yayılmasına imkan vermək olmaz. Nə etmək lazımdır ki, erməni mediası beynəlxalq təşkilatları təmsil edən şəxslərin adından yalan danışa bilməsin?
“Xüsusən də belə məlumatları Ermənistanın rəsmi mətbuat orqanları yayırsa, o zaman...”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov hesab edir ki, belə halların qarşısını almaq üçün həmin beynəlxalq qurumlarla bu yöndə işləmək lazımdır: “Ermənilərin başqalarının adından yalan danışması, məlumatları təhrif etməsi yeni deyil. Tarixən onlar bu “metoddan” istifadə ediblər. İndi də bu “ənənələrinə” sadiqdilər. O üzdən, Azərbaycanın daha çevik informasiya siyasəti yeritməsinə ehtiyac var. Xüsusən də belə məlumatları Ermənistanın rəsmi mətbuat orqanları yayırsa, o zaman sözügedən beynəlxalq qurumlar məlumatlandırılmalıdır. Bir reaksiya yoxdursa, o zaman həmin qurumlardan izahat tələb olunmalıdır. Fikrimcə, belə olarsa, Ermənistan mediasının beynəlxalq təmsilçilərin adından yalan məlumat yaymasının qarşısını əhəmiyyətli dərəcədə almaq olar. Ona görə də son dərəcə adekvat və cevik media fəaliyyəti olmalıdır. Çünki ermənilər beynəlxalq müstəvidə öz geniş əlaqələrindən istifadə edərək Azərbaycana qarşı davamlı olaraq çirkin propoqanda aparırlar. Paşinyanın keçirdiyi görüşlərin fərqli formada təqdim olunması da bunun tərkib hissəsidir. Yaxşı olardı ki, bütün bunlara Şarl Mişel münasibət bildirsin”.
Bir sözlə, partiya funksioneri hesab edir ki, bu kimi məsələlərdə ayıq-sayıq və çevik olmalıyıq.
Vidadi ORDAHALLI