Bir neçə gün əvvəl Prezident İlham Əliyev Rusiyanın Qarabağa göndərdiyi erməni əsilli milyarder Vardanyanla bağlı öz münasibətini bildirib. Ölkə başçısı deyib ki, Ermənistanda Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq:
"Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq”.
Maraqlıdır ki, indiyə qədər Rusiyanın heç bir rəsmi dairəsi, hətta hımin ölkədəki erməni diasporu belə bu məsələyə münasibətini açıqlamayıb.
Ruben Vardanyanın özü isə Prezidentin ittihamlarına cavab verib:
"Mən cənab Əliyevə daha konstruktiv mövqeyə keçməyi və onun təbirincə, mənim "aydın gündəliyə" malik olmağıma dair izahat verməsini təklif etmək istərdim. Mən “Artsax” xalqının maraqlarından başqa daha kimlərinsə maraqlarını güdməkdə ittiham olunmamaq üçün Rusiya vətəndaşlığından imtina etdiyimi dəfələrlə vurğulamışam. Güman edirəm ki, cənab Əliyevin "Qarabağda yaşayır və orada yaşamaq istəyir" meyarına əsasən, elçi roluna yarayıram".
Rusiyanın bu məsələyə susqun qalmasının səbəbi nədir?
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, gedən proseslərdən, siyasi maraqlardan Rusiyanın Qarabağda məsələnin həll olmasını, Qafqazda sabitliyin yaranmasını istəməməsi açıq-aydındır: “Çünki bütün bunların olması Rusiyanın Qarabağdan və Qafqazdan çıxmasına gətirib çıxaracaq. Bu isə Rusiyanın maraqlarına ziddir. Prezidentin bu sözləri ilə bağlı onu deyə bilərəm ki, Prezident ilk dəfə olaraq Rusiyanın Qafqazda sabitlik yaratmaq istəmədiyini açıq ifadə edib. Rusiyanın Azərbaycan və Qafqaz maraqlarına qarşı çıxıb. İlham Əliyev ilk dəfə olaraq Rusiyanın Qarabağda separitizmi qızışdırdığını, Rusiyanın Qarabağda və yaxud Qafqazda bölücülüklə məşğul olduğunu ifadə edib bu sözlərlə. Bu mövqeyinə görə Prezidentə çox təşəkkür edirəm. Mən əminən ki, Prezidentin bu qətiyyəti, eyni zamanda Soçidə Putinlə görüşdə, konkret Putinin üzünə “Qarabağ məsələsi bitib” deməsi bu məsələlərin artıq Rusiyanın monopoliyasından çıxarılmasına, məsələlərin həllində Azərbaycan maraqlarının həlledici olduğuna bir vurğudur. Qarabağ məsələsi bitib, həll olub. Çünki Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Bunu kimsəylə bölüşmək, paylaşmaq və müzakirə etmək Azərbaycanın suverenliyinin şübhə altına alınmasıdır. Mən əminəm ki, Qafqazda da tezliklə o sabitlik yaranacaq. İstər Rusiya, istərsə də İran və Fransa tezliklə bu bölgədən çıxarılacaq. Bununla da ciddi sabitlik, inkişaf yaranacaq. Azərbaycan hakimiyyəti Güney Azərbaycan məsələsinə də köklənəcək. Rusiyanın planı tam deşifrə edildiyinə görə onlar deməyə söz tapmır. Ona görə də susurlar. Susmaq isə razılıq əlamətidir”.
Prezident İlham Əliyev bildirib ki, Ermənistanda Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq. Buna görə də Vardanyan amili orada heç nəyi dəyişə bilməyəcək.
Məhəmmədəli QƏRİBLİ