Makron dişinin dibində saxladığı zəhəri bu dəfə Beynəlxalq Frankofoniya Təşkilatının imkanlarından istifadə edərək Azərbaycanın üstünə tökdü. Tunisin Cerba şəhərində iki gün davam etmiş 18-ci beynəlxalq Frankofoniya konfransının müzakirəsinə təqdim olunmuş yekun bəyanatda yer almış bəzi anti-Azərbaycan müddəalar Azərbaycanın dostu olan bəzi ölkə nümayəndələrinin etirazı ilə mətndən çıxarılsa da, sonda bəyanatın mətnini qərəzli müddəalardan tam təmizləmək mümkün olmadı və həmin mətn konfransın müzakirəsinə təqdim olundu.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq fransızdilli ölkələrin əksəriyyətinin öz bətnlərində bəslədikləri anti-Azərbaycan ovqatını ifşa etdi. Bu öz yerində...
Xüsusi toxunmaq istədiyim mətləb odur ki, Tunisin Cerba şəhərində Azərbaycanın əleyhinə köklənmiş bu prosesin "memarı" Fransa prezidenti Makron oldu. Yəqin xatırlayırsınız, bir həftə əvvəl Makron bizim Prezidentə zəng edərək "Frankofoniya konfransından öncə bizim Prezidentimizlə danışmaq istədiyini bildirmiş, Azərbaycan-Ermənistan normallaşmasına bundan sonra da səy göstərəcəyini demiş, bizim Prezidentimiz İlham Əliyev isə bütün səylərin balanslı, obyektiv və tərəfsiz olmalı olduğunu xatırlatmışdı. "Bunlar rəsmi informasiyaların mətnlərindən götürülmüş fikirlərdir. Hələ həmin günlərdə Makronun niyə məhz Frankofoniya konfransından əvvəl İlham Əliyevlə danışmaq istəməsi suallar doğurmuşdu. Məgər Makron Paşinyanla hər ikitərəfli görüşündən əvvəl Bakıya telefon açır? Xeyr!...
Görünən budur ki, Cerba konfransından əvvəl Prezident İlham Əliyevdən eşitdiyi prinsipial "bütün səylər tərəfsiz və ədalətli olmalıdır" fikrinə görə, öz aləmində Azərbaycandan növbəti qisasını almaq üçün tam anti-Azərbaycan məzmunlu sənədin müzakirəyə çıxarılmasına nail olub. Hətta Fransa hökumətinin Azərbaycanı müdafiə edən bəzi ölkələri hədələdiyi barədə məlumatlar var...
Makron-Paşinyan tandeminin bir düşmənçiliyini də belə gördük. Bizim üçün hansısa Frankofoniya sənədinin kəsəri təbii ki yoxdur. Bizim üçün vacib və önəmli odur ki, Fransa və Makron artıq ifşa olunub, Azərbaycan Prezidenti onun üzünə, gözünün içinə "siz tərəfsiz və ədalətli vasitəçi deyilsiniz, ola bilmədiniz" deyib...”
Tahir TAĞIYEV