Paşinyan Tunisdə uydurduğu yalanlara və öz "arşını ilə biçib-kəsdiklərinə" Avropa Birliyi Şurasının sədri Şarl Mişeli, Kanadanın baş naziri Castin Tryudonu da şərik qoşmağa çalışdı, rəy yaradır ki, guya ikitərəfli görüşdüyü bu adamlar da onun Azərbaycan barədə dedikləri ilə razılaşıblar. Hər halda Paşinyanın İrəvandakı media qurumları məlumatları bu ruhda təqdim edirlər.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
“Erməni mənbələri yazır ki, Paşinyan Ş.Mişelə və Kanadanın baş nazirinə "Azərbaycanın sentyabrda suveren Ermənistana təcavüz etdiyini və onun ərazilərini bu günədək nəzarətdə saxladığını" deyib. Bəs Mişel və Tryudo nə cavab veriblər? Erməni mediası təbii ki, bu barədə heç nə yazmır, heç eyham da vurmurlar. Çox aydın texnologiyadır, xəbəri bu cür yaymaqla erməni "obıvatelində" rəy yaratmaq istəyirlər ki, guya Mişel də, Tryudo da Paşinyanla razılaşıblar...
Əslində isə biz Kanadanın baş naziri Tryudodan bunu gözləsək də, Şarl Mişelin belə "kobud oynadığı" inandırıcı gəlmir.
Hər halda cənab Mişel erməni mənbələrinin birtərəfli xəbərçiliyinə reaksiya verməli və şübhələrə son qoymalıdır ki, o "tərəfsiz moderatordur"... Castin Tryudo isə yəqin ki, Kanadanın fransayönümlü lobbiçilərinin təzyiqindən qorxaraq heç nə deməyəcək...
Gözləyirik, cənab Şarl Mişel...” - A.Quliyev yazır.
Tahir TAĞIYEV