Azərbaycan Milli Məclisi İsraildə (Tel-Əviv şəhərində), Albaniyada (Tirana şəhərində) və Keniyada (Nayrobi şəhərində) səfirlik, Fələstin ərazilərində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin açılmasına razılıq verib.
Milli Məclis həmçinin Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyin təsis edilməsinə razılıq verib. Parlamentin bu qərarlarının arasında İsraildə Azərbaycan səfirliyinin və Fələstində nümayəndəliyin açılmasına razılıq verməsi ictimai-siyasi mühitdə aktiv müzakirə edilir.
Azərbaycan İsraillə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkələrindən biridir. İsrail 1992-ci il oktyabrın 7-də Azərbaycanda səfirlik açıb.
Bizim həm də İslam dünyası və xüsusi ilə də Fələstinlə yaxşı əlaqələrimiz var.
Bu baxımdan, Azərbaycanın diplomatik nümayəndəliklərin açılması ilə bağlı verdiyi qərarı necə dəyərləndirmək olar?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın İsraildə səfirlik açması çoxdan müzakirə edilirdi:
“Bizim İsraillə əlaqələrimiz İsraildə səfirlik açılmasını çoxdan gündəliyə gətirib. Bizim İsraillə iqtisadi dövriyyəmiz, hərbi-sənaye kompleksi ilə bağlı münasibətlərimiz, institutlarımız var. Yəni Azərbaycanda kifayət qədər böyük yəhudi icması var. Azərbaycan Bakıda və Quba rayonunun Qırmızı qəsəbəsində yaşayan təxminən 30.000 yəhudinin vətənidir. Bakıda 5000-ə yaxın Aşkenazi yəhudisi yaşayır. Biz Fələstini də yaxın hesab edirik. Paralel olaraq orada da nümayəndəliyimiz açıldı. Bu çox doğru qərardır. Çünki biz həm də müsəlman dünyasının bir parçasıyıq. Həmin arealda ciddi nüfuzumuz var. Bu qərar həm də balansı saxlamaq baxımından vacibdir. Heç bir ölkə, xüsusilə də İran buna etiraz edə bilməz. İran gedib tarixi Azərbaycan torpağı sayılan Zəngəzurda özünə konsulluq açanda, bizdən icazə aldımı? İranı qane etmirsə, gedib Ermənistanda bir dənə də konsulluq açsın. Ölkəmizin balansı nəzərə almaqla atdığı bu diplomatik addım alqışa layiqdir. Hesab edirəm ki, bunu çoxdan etmək lazım idi. Azərbaycan bu qərarı ilə İsraillə Fələstin arasındakı münasibətləri normallaşdırmaq istiqamətində ciddi səylər də göstərə bilər”.
Məhəmmədəli QƏRİBLİ