Azərbaycan Prezidenti İlham Əliyev jAvropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib ki, Ermənistan Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyir:
“Elə dünən dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu olmayacaq. Bu mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır".
Göründüyü kimi, Ermənistan bu cür mövqeyi ilə sülh sazişini imzalamaqdan yayınmağa çalışır. Belə mövqe ilə Ermənistan hara kimi gedə bilər?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan ən yüksək səviyyədə Qarabağda yaşayan ermənilərlə bağlı məsələyə aydınlıq gətirib: “Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində dedi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Ancaq buna baxmayaraq, biz görürük ki, ermənilər israrla Qarabağdakı azlığa əlavə status, imtiyaz istəyir. Bu detalı sülh danışıqlarına əlavə etməyə çalışırlar. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirlər, digər tərəfdən isə separatizmlə bağlı tələb irəli sürürlər. Proseslərin gedişi göstərir ki, bu məsələdə Rusiya onlara dəstək verir.
Vardanyanın qəfil Qarabağa yerləşməsi qərarı, burada özünü dərhal ermənilərin hamisi kimi aparması səbəbsiz deyil. Rusiya bilir ki, Azərbaycan Arayik Arutunyanla masaya oturub danlışıq aparmaz. Hesab edir ki. Vardanyan hazırda Xankəndidə Bakı ilə masaya otura biləcək ən mümkün erməni təmsilçisidir. Azərbaycan tərəfi heç Vardanyanla da danışıq aparmağı düşünmür.
Qarabağdakı ermənilərlə hansı danışıqlardan söhbət gedə bilər? Şəxsən mənim belə bir təsəvvürüm hələ ki, yoxdur. Çünki ermənilər hələ də köhnə tələblərindən əl çəkmirlər, qarşılıqlı addım atmaq niyyətləri görünmür. Prezident Əliyev dəfələrlə deyib ki, Qarabağdakı ermənilər heç bir əlavə imtiyaz almayacaq. Paşinyanı Qarabağ ermənilərinin taleyi düşündürürsə, ilk növbədə bütün qanunsuz silahlı dəstələri ərazimizdən çıxarmalıdır. Azərbaycandakı ermənilərlə Ermənistanın bütün rəsmi və qeyri-rəsmi iqtisadi bağlılıqlarını kəsdiklərini elan etməlidir. Qarabağ ermənilərinə Ermənistanın dövlət büdscəsindən pul ayırmaqdan imtina etməlidir. Bunları etməyib, ermənilərə əlavə imtiyaz tələb etməyin bir adı var - sülh sazişini imzalamaqdan yayınmaq. Bu da ermənilərə yaxşı nəsə vəd etmir. Çünki Azərbaycan yaxın zamanda Qarabağda öz yurisdiksiyasını tam bərpa etməlidir”.
Məhəmmədəli QƏRİBLİ