Avropa İttifaqının (Aİ) Türk Dövlətləri Təşkilatının (TDT) işinə müdaxilə etməyə haqqı yoxdur. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi üzv olmasına dair qərarını pisləməsini şərh edərkən bildirib.
O qeyd edib ki, Aİ və ABŞ ilk növbədə Yunanıstanın və Kiprin yunan administrasiyasının əldə olunmuş razılıqları pozmasına göz yummamalıdır.
Aİ TDT genişlənməsindən niyə belə narahatdır?
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqı, ümumiyyətlə Qərb dövlətləri dünyadan nə istədiklərini heç özləri də bilmirlər: “Gözlərində tiri görmədikləri halda, başqalarının gözündə tük axtarırlar. Bir dövləti terrorçuluqda, digər dövləti insan haqlarını pozmaqda, başqa birisinin seçkiləri “demokratik” keçirməməkdə suçlayır və pisləyirlər. Anlamaq olmur ki, onlara bu səlahiyyətləri kim verib. Hansı hüquqla Avropa İttifaqı bu quruma daxil olmayan müstəqil dövlətlərin və ya birliklərin daxili işlərinə qarışıb onlara irad bildirir? Məgər bu İttifaqa daxil olan dövlətlərin özlərində problemlər yoxdurmu? Əlbəttə var, özü də yetərincə. Amma çox təssüflər olsun ki, onlar bunu pərdələməyə çalışır, təzyiq vasitəsi kimi başqa dövlətlərdə isə qüsur axtarırlar. Düşünürlər ki, Avropa İttifaqı “ağıllı”, “demokratik”, inkişaf etmiş və “ədalətli” dövlətlərin birliyidir.
Biz Azərbaycanlılar 30 il yaxın bir dövrdə, torpaqlarımızın düşmən işğalı altında olduğu müddətdə təkcə Aİ-nin yox, bütövlükdə qərb institutlarının və o cümlədən Avropanın aparıcı dövlətlərinin mövcud problemlərə necə “ədalətli” yanaşmalarının şahidi olmuşuq. Bu gün də həmin “ədalətli” yanaşma Fransa Senatının noyabrın 15-də Azərbaycana qarşı qəbul etmiş olduğu qərəzli qətnamədə öz əksini tapır.
Bir Azərbaycan vətəndaşı olaraq Avropa İttifaqına tövsiyə edərdim ki, Türk Dövlətləri Təşkilatının daxili işlərinə müdaxilə etməkdən öncə, Fransa parlamentinin yuxarı palatasının Azərbaycan Respubikasına qarşı qəbul etmiş olduğu qərəzli və biabırçı qətnaməyə öz münasibətini bildirsin.
Əgər Avropa İttifaqı belə bir addım atarsa, onda Azərbaycan ictimaiyyəti və o cümlədən TDT-nin Avropa İttifaqının problemli məsələlərə ədalətli yanaşmasına inamı artar və bundan müvafiq nəticələr çıxararlar”.
Kiprli türklər Türk Dünyasının tərkib hissəsi sayılırsa, onların da Türk dövlətləri ilə münasibət qurmaq və onu inkişaf etdirmək hüququ var. Şimali Kiprin müşahidəçi olması haqqında qərar 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının sammitində yekdilliklə qəbul edilibsə, Avropa İttifaqı buna hörmətlə yanaşmalıdır.
Məhəmmədəli QƏRİBLİ