1979-cu ilin fevralında İranda inqilab baş verəndən sonra çox keçmədi ki, mollalar bütün təşəbbüsü ələ aldı. O zaman inqilabın baş tutmasına töhvə verən digər mütərəqqi siyasi qüvvələr oyundan kənarlaşdırıldı. Molla rejimi möhkəmləndikcə, repressiyalar daha amansız miqyas almağa başladı. Xüsusən də solçulara, milli mövqedən çıxış edənlərə divan tutuldu.
Hazırkı rejimə qarşı müxalif mövqedə olanlar xaricdə fəaliyyət göstərirlər. Əsasən də Avropa ölkələrində. Ancaq müşahidələr göstərir ki, Avropaya sığınmış, ora mühacirət etmiş İran müxaliflərinin fəalları sosial şəbəkələrdə, digər internet resurslarında bizə qarşı fəaliyyət göstərirlər. Yəni mühacirətdə olan bu fəallar, eynilə bugünkü İran rejimi kimi, Azərbaycanın əleyhinə aktiv şəkildə fəaliyyət göstərirlər. İran rejimindən qacıblar, guya molla rejiminə qarşı müxalif mövqedədilər, amma Avropaya sığınıb Tehran rejiminin tezislərinə uyğun Azərbaycanın müstəqilliyinə qarşı mübarizə aparırlar. Hər vasitə ilə Azərbaycanın adını qaralayırlar. Ona görə də Avropaya, ABŞ-a sığınmış İran mühacir müxalifətinin həqiqi müxalifət olduğunu düşünmək nə dərəcədə doğru olar?
“Bunların məqsədi indiki islam rejimini devirib, əvvəlki fars rejimini başqa formada yaratmaqdır”
Sözügedən məsələyə aydınlıq gətirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: “Sözügedən məsələdə bir neçə məsələni aydınlaşdırmalıyıq. Birincisi, 1979-cu il inqilabından sonra İranda yaranan müxalif qüvvələrin böyük hissəsi şah rejiminin tərəfdarları idi. Onlar İranı tərk edərək müxtəlif qərb ölkələrinə sığındılar. Hətta şahın oğlu da deyilənlərə görə, Qərbdədir. Yəni, bunlar sadəcə molla rejiminə qarşıdılar. Digər məsələlərdə onların mövqeyi dəyişməyib. Məsələ ondadır ki, İrandakı şah rejimi də Azərbaycan əhalisinin hüquqlarını pozurdu. İndi olduğu kimi, o vaxtda Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza muxtariyyət hüquqi verilmirdi, ana dilində təhsilə çərait yaradılmırdı. Şah rejimi 1947-ci ildə Pişəvərinin başçılıq etdiyi milli hökuməti qan içində boğdu. Bunda Qərbin də rolu var idi. Bütün bunlar onu göstərir ki, Avropaya sığınmış molla rejiminə müxalif olan qüvvələr heç də Azərbaycan xalqının tərəfdarı deyil. Onların Cənubi Azərbaycanla bağlı düşüncələri, molla rejimindən fərqli deyil. Mühacir İran müxalifəti azərbaycanlıların öz ana dilində təhsil almasına, onlara müxtariyyətin verilməsinə qarşıdır. Bax bu amil üzündən molla rejiminin maraqları, müxalifətin maraqları ilə üst-üstə düşür. Onlar həqiqi müxalifət olsaydılar İranın demokratikləşməsində maraqlı olardılar. Bunların məqsədi indiki islam rejimini devirib, əvvəlki fars rejimini başqa formada yaratmaqdır. Bu səbəbdən onların Azərbaycana qarşı mövqedən çıxış etməsi fars şovinizmindən irəli gəlir. Hesab edirəm ki, biz bu kimi məqamlara xüsusi diqqət etməliyik. Biz Cənubi Azərbaycandan Avropaya getmiş, soydaşlarımızın hüquqları uğrunda mübarizə aparanlarla əməkdaşlıq etməliyik”.
Bir sözlə, professor hesab edir ki, Azərbaycan bu məsələlərdə son dərəcə ayıq olmalıdır.
Vidadi ORDAHALLI