Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə, Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq Azərbaycan Respublikasının Milli Məclisi bəyanat qəbul edib.
Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:
Fransa Hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.
Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması.
Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi.
Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması.
Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılması.
Qoşulmama Hərəkatının sədri kimi, Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.
Fransanın islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.
Fransanın türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.
Göründüyü kimi, Milli Məclisin qəbul etdiyi bəyanatda deyilir ki, Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməsin. Fransanın bölgəmizdəki proseslərdən təcrid edilməsi ona nə kimi zərbə olacaq?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Milli Məclisin Fransa ilə bağlı qəbul etdiyi bəyanatdakı bu təklif çox yerindədir: “Həmin bəyanatdakı bütün bındlər həyata keçirilməlidir. Çünki Fransa indiyə qədər olan davranışları ilə həm nizamlama prosesinə, həm də ölkəmizin imicinə böyük zərbə vurub. Bizi işğalçı dövlət kimi təqdim edir. Azərbaycan ordusunun güya “soyqırım” törətməsi ilə bağlı saxta dəlillər ortaya qoyur. Ölkəmizin beynəlxalq konvensiyalara əməl edərək öz ərazilərini azad etməsi, mülki əhali ilə necə davranmağımıza ciddi iftra atmaqla başqa don geyindiriblər. Buna görə də, Fransa və onun bütün qurumları normallaşma prosesindən tam kənarlaşmalıdır. Qətiyyən imkan vermək olmaz ki, belə bir qərəzli ölkə hansısa prosesdə iştirak etsin. Fransanın bundan sonrakı davranlşlarına fikir vermək lazım deyil. Onsuz da indiyə qədər etdikləri onun iş üzünü ortaya qoyur. Onların Azərbaycan xalqına qarşı böyük nifrət içində olduğuna, türkfob bir siyasət apardığına şübhə yeri qalmır. Azərbaycan həmin ölkənin geriyə doğru atacağı addımlara diqqət yetirmədən, bu istiqamətdə fəaliyyətini davam etməlidir. Fransanın iç üzünü açmaq xəttini dayandırmaq olmaz. Təbiidir ki, bütün bu addımların Fransanın nüfuzuna böyük təsiri olacaq. Biz onların dünyanın müxtəlif ölkələrində törətdikləri həqiqi soyqırımları ifşa edib, dünyaya çatdırmalıyıq”.
Məhəmmədəli QƏRİBLİ