Məlum olduğu kimi, noyabrın 16-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Tərəflər bir sıra məsələləri müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays sözügedən telefon danışığı barədə məlumat verib. Onun sözlərinə görə, Entoni Blinken sülh prosesinə Birləşmiş Ştatların tam dəstəyini ifadə edib və tərəfləri Vaşinqtonda razılaşdırıldığı kimi gələcək danışıqların vaxt cədvəlini müəyyən etməyə çağırıb.
Bununla yanaşı, Ned Praysın açıqlamasında belə bir məqam var: “Blinken prezident Əliyevi atəşkəs rejiminə riayət etməyə, təxribatlara yol verməməyə və Ermənistanla sülhə zəmin hazırlamaqda inamın möhkəmləndirilməsi üçün tədbirlər görməyə çağırıb”.
Məgər Azərbaycan atəşkəs rejiminə riayət etməkdən yayınır, təxribatlara yol verir? Məgər rəsmi Bakı Ermənistanla sülhə zəmin hazırlanmasında maraqlı deyil? Bu nə yanaşmadır? O da ola bilər ki, erməni mediası Blinkenin Əliyevlə söhbətinin məzmununu təhrif edib.
“Dəfələrlə Birləşmiş Ştatların işğalçı ilə işğala məruz qalan tərəfə eyni mövqedən yanaşdığının şahidi olmuşuq”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun sözlərinə görə, N.Praysın dəyərləndirməsi subyektivliyə söykənir: “Təəssüflər olsun ki, Birləşmiş Ştatlar da uzun illər Azərbaycan əraziləri işğal altında olanda Fransa və Rusiya kimi işğal faktının sona çatması üçün heç bir vasitədən istifadə etməyib. Eyni zananda ABŞ-dakı erməni lobbisi Vaşinqtonun siyasətinə ciddi təsir göstərib. Necə ki, Fransadakı lobbi bunu edir. Dəfələrlə Birləşmiş Ştatların işğalçı ilə işğala məruz qalan tərəfə eyni mövqedən yanaşdığının şahidi olmuşuq. Hətta elə situasiyalar olub ki, ABŞ Ermənistana daha çox dəstək verib. Uzun illər ərzində Dövlət Departamentin regionla bağlı hazırladığı bir çox sənədlərdə, təəssüflər olsun ki, ədalətsizliyə yol verilib. Bu gün də demokratiyadan, insan haqlarından, bəşəri dəyərlərdən danışan ABŞ dövləti, Dövlət Departamenti eyni haqsızlığı davam etdirir. Hər kəsə məlumdur ki, Ermənistan Azərbaycanın sülhlə bağlı çağırışlarına məhəl qoymur və prosesi sabotaj etmək üçün bütün təsir vasitələrindən istifadə etməyə çalışır. Ona görə də hesab edirəm ki, Dövlət Departamentinin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı Rusiyadan fərqli mövqe qoymaq istəyi səmimidirsə, o zaman Ermənistana təxribatlara son qoymaqla bağlı çağırışlar etməlidir. Çıxışlarında, hesabatlarında Ermənistan tərəfini tənqid etməlidir. Əks təqdirdə, uzun illərdir davam edən anti-Azərbaycan siyasəti yenə də davam edəcək. Bu zaman ABŞ-ın Rusiyadan fərqli hansısa obyektiv vasitəçilik missiyası şübhə altına düşəcək”.
Bu baxımdan politoloq hesab edir ki, Birləşmiş Ştatlar sadalanan məsələlərə yanaşmasını dəyişməlidir.
Vidadi ORDAHALLI